Ali Məhkəmə Plenumundan İlqar Məmmədovla bağlı yeni qərar

İyunun 29-da Ali Məhkəmənin Plenumu REAL Partiyasının həbsdə olan  lideri İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib.

Bu barədə Gununsesi.info-ya İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb: “İlqar Məmmədov hələ də həbsdədir”.

Vəkil İlqar Məmmədovun yaxın zamanlarda Şəkiyə aparılacağını da deyib.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlığa buraxılması barədə qərar vermişdi. Bu qərardan sonra müxalif liderin işinə yenidən baxılsa da o, həbsdə qalıb.

Əməkdaşımızla söhbətində vəkil bildirib ki, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarını icra etməli, İlqarı azad etməli, iş üzrə icraata cinayət hadisəsi olmadığına görə xitam verməlidir.