İlqar Məmmədov polisə çağırılıb

ReAl Partiyasının sədri İlqar Məmmədov polisə çağırılıb.
 
Bu barədə İlqar Məmmədov öz facebookda yazıb.
 
"Bakı Baş Polis İdarəsindən mənə zəng elədilər ki, saat 14.00-da burda olun, rəhbərlik söhbət eləmək istəyir. Hakimiyyət yenə mənimlə paqonlu şəxslər vasitəsilə danışmaq istəyirsə, təkrar etməliyəm ki, bu, uyğun dialoq deyil", - İlqar Məmmədov bildirib.
 
Ona polisə hansı səbəbdən çağırıldığı da deyilməyib: "Mən cinayətkar olmadığımı və siyasi səbəbə həbs edildiyimi Avropa Məhkəməsində sübut etmişəm. Həbs edəndə də bax belə telefonla çağırıb həbs etmişdiniz. Nə isə, saat 2-də BŞBP-dəyəm, gedim, baxım nə istəyirlər".
 
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
 
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.
 
Avropa Şurası Nazirlər Komitəsi 2017-ci il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
 
AİHM İ.Məmmədovla bağlı həmin ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.
 
Bundan sonra, Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apelyasiya Məhkəməsinə göndərib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini şərti hesab edib.