İlqar Məmmədovun işi üzrə yeni apelyasiya baxışı keçiriləcək

Proses avqustun 10-a təyin edilib

Şəki Rayon Məhkəməsində avqustun 10-da ReAL partiyasın həbsdə olan sədri İlqar Məmmədovun işi üzrə yeni apelyasiya baxışı keçiriləcək. Məruzəçi hakim Gündüz Abbasovdur.

Məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev yayıb.

Vəkil prosesin saat 11-də başlayacağını bildirib. Ali Məhkəmənin Plenumu iyunun 29-da ReAL Partiyasının sədri İlqar Məmmədov barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apelyasiya Məhkəməsinin qərarlarını ləğv edib. İş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb.

Vəkil bildirib ki, Ali Məhkəmənin Plenumu əslində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü də İlqar Məmmədova aid hissədə ləğv etməli, onun barəsindəki qətimkan tədbirini ləğv etməli, onu azad etməli idi.

F.Ağayevin sözlərinə görə, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarını icra etməli, İlqar Məmmədovu azad edib, iş üzrə icraata cinayət hadisəsi olmadığına görə xitam verməlidir.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

meydan.tv