37-də bu amansızlıqları xalqımıza qarşı qeyri-azərbaycanlı müstəntiqlər, prokurorlar və hakimlər edirdi, indi isə "özümüzünkülər" edir

“’Toplum’çular onlara qarşı irəli sürülən, birinci sözündən sonuncu nöqtəsinə qədər saxtakarlıqdan ibarət olan ittihamı ilmə-ilmə sökdülər, ifşa etdilər, daşını daş üstə qoymadılar."
Bu sözləri Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli sosial media hesabında "Toplum TV işi" üzrə verilən məhkəmə hökmünü şərh edərkən yazıb.
İş üzrə məhkəmə proseslərinin hər birində iştirak etdiyini bildirən tarixçi qeyd edib ki, "ortada cinayət yoxdur, amma fantastik cəza var".
"Şübhəsiz ki, "Toplum"çular sifarişlə tutulmuşdular, "Abzas"çılar, "Meydan"çılar kimi. İş hüquqi yox, siyasi məzmun daşıyırdı. Məsələ absurda qədər saxtalaşdırılmışdı. Məsələn, tanınmış hüquqşünas, media hüquqları üzrə ölkənin nadir mütəxəssisi Ələsgər Məmmədlinin axtarış zamanı evindən tapıldığı Tbilisi metrosunun nəqliyyat kartı bank kartı kimi sənədləşdirilmişdi. "Toplum işi" üzrə 13 il iş alan İlkin Əmrahov xarici pasportu olmadığı halda qaçaqmalçılıqda ittiham edilirdi", - o əlavə edib.
Tarixçi məhkəmə hökmünü 1937-ci ilin Stalin repressiyaları ilə müqayisə edib.
"Əminliklə deyim ki, hazırda saxta cinayət işləri istehsal edən müstəntiqlərin sayı 37-ci ildən çoxdur, hazırda dövlət adına saxta ittihamları müdafiə edən prokurorların sayı 37-ci ildəki prokurorların sayından çoxdur, hazırda saxta hökmlər çıxaran hakimlərin sayı 37-nin "troykalarının" sayından çoxdur. Bircə fərq vardı: 37-də bu amansızlıqları xalqımıza qarşı qeyri-azərbaycanlı müstəntiqlər, prokurorlar və hakimlər edirdi, indi isə "özümüzünkülər" edir. XXI əsrin 3-cü onilliyində bizim ölkənin gerçək mənzərəsi belədir", - o qeyd edib.