İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

ReAL Partiyasının sədri İlqar Məmmədov həbs olunma ehtimalının olduğunu deyir. 
 
O bu barədə öz "Facebook" səhifəsində məlumat yayıb. 
 
Məlumatda deyilir ki, bu gün onu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə çağırıblar.
 
İlqar Məmmədov çağırışın 19 yanvarda Milli Şuranın keçirəcəyi "Siyasi məhbuslara azadlıq" mitinqi ilə bağlı ola biləcəyinə diqqət çəkib: "Bu gün zəng edib məni Probasiya Xidmətinə çağırdılar. Mənə səbəb olaraq, hansısa arayışla bağlı sualları olduqlarını bildirdilər. Orada saat 17:50-də kağız üzərində bildiriş verdilər ki, sabah saat 12:00-da yenidən Probasiya Xidmətinə gəlim. Həbs eləməsələr, güman ki, axşama qədər məni orada saxlayacaqlar. Şərti azadlıqdayam və bu ədalətsiz "şərti" hökm əsasında onların ixtiyarları çatır ki, hətta icazəli mitinqə getməməyim üçün çəkindirici söhbət, saxlama həyata keçirsinlər. Amma bu, çəkindirici tədbirdir, yoxsa həbsdir, bunu bilmək olmur".
 
İlqar Məmmədov Milli Şuranın təşkil etdiyi 19 yanvar mitinqinə ReAl Partiyası da dəstək verəcəyini açıqlamışdı.
 
O, mitinqdə  tribunada çıxış edəcəyini bildirib.
 
ReAl sədri öz "Facebook" səhifəsində bu haqda məlumat yayıb.
 
Mitinq saat 15.00-da İnşaatçılar metrosunun yaxınlığındakı, Məhsul stadionunda baş tutacaq.