"Azər Qasımlı içəridəki rejimi bir kəlmə ilə ifadə etdi: gestapo rejimidir" - Video

İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə REAL-ın üzvü Nəriman İsmayılovun, hakim Qədim Babayevin sədrliyi ilə REAL-ın Məclis üzvü Azər Qasımlının apellyasiya şikayətinə baxılıb. Təqsirləndirilənlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov heç bir vəsatətin qəbul olunmadığını deyərək, apellyasiya şikayətinin təmin edilmədiyini bildirdi.

Qeyd edək ki, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib. Tədbirin əsas idarəedicilərindən birinin A.Qasımlı olduğu deyilir. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib. Daha sonra REAL-ın Məclis üzvü Azər Qasımlı mayın 29-da Baş Prokurorluğa çağırılıb, prokurorluqdan Yasamal Rayon Polis İdarəsinə aparılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb və Yasaml rayon Məhkəməsi A. Qasımlıya 30 sutka həbs inzibati cəzası kəsib. REAL üzvü Nəriman İsmayılov da İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə ittiham olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.