İlqar Məmmədov hüquqlardan və neft borularından yazdı

''Bu səkkiz ölkədən dördünün TANAP qaz kəmərinin açılış mərasimində təmsil olunması məni təəccübləndirmir''

2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ReAL Partiyasının sədri İlqar Məmmədov TANAP qaz kəmərinin açılışına münasibət bildirib.

İlqar Məmmədov yazır:

“Ötən il dekabr 5-də mənim işimlə bağlı Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) rəsmi olaraq hakimiyyətə qarşı xüsusi icraata başlayaraq yatmış 46.4 maddəsini ilk dəfə tətbiq etdi. 47 ölkədən 39-u bu qərarın lehinə səs verdi, 8 ölkə isə bu qərarı dəstəkləmədi.

Bu səkkiz ölkədən dördünün (Azərbaycan, Serbiya, Türkiyə və Ukrayna) 12 iyun tarixində TANAP qaz kəmərinin açılış mərasimində ən yüksək, yəni prezidentlər səviyyəsində təmsil olunması məni təəccübləndirmir. Beşinci ölkənin (Gürcüstan) bayrağı da mərasim zamanı asılmışdı, amma Tbilisinin ora kimi göndərməsini mənə buradan, yəni türmədən bilmək çətindir. Altıncı ölkə (Rusiya) nümayişkaranə şəkildə TANAP-ın da bir hissəsi olduğu Cənub Qaz Dəhlizinə (CQD) neytral mövqe nümayiş etdirir, çünki ABŞ-a görə özü və Almaniya üçün daha vacib olan Şimal axını-2 layihəsinin legitimliyini qoruyur.

Bunu belə ifadə etmək olar: "Əgər hamı Avropaya istədiyi qədər qaz satırsa, o zaman niyə bunu Rusiya edə bilməsin?" Bəzən ruslar hətta TAP-a (həmin CQD-nin İtaliya hissəsinə) qoşulmaq istəyini bildirirlər, təki Şimal axını-2 baş tutsun. Qalan iki ölkə mənə bəlli deyil, amma görünür onlar da qaz maraqlarını güdənlərdir”.

İlqar Məmmədov daha sonra yazır:

“Azərbaycanın sülalə hakimiyəti CQD-ni "anti-Rusiya layihəsi" olmadığı halda, onu bu marka altında Avropa və ABŞ-a satmağa çalışaraq, əvəzində respublikaçılıq dəyərlərinə sadiq müxalifəti ölkə daxilində darmadağın etmək üçün Ceyms Bond lisenziyası almaq istəyir.
Lakin demokratik dəyərlər hələ ki, qazdan daha güclüdür. 39 ölkə bu lisenziyanın verilməsindən imtina etdi”.

TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır.

Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.

TANAP layihəsində ARDNŞ 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir. Layihə üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.

meydan.tv