'"Məhkəmə protokolu vermir" - Vəkil

"Şəki Apelyasiya Məhkəməsi İlqar Məmmədovla bağlı avqustun 13-də keçirilmiş son məhkəmə prosesinin protokolunu verməkdən imtina edib».
 
Bunu AzadlıqRadiosuna vəkil Fuad Ağayev bildirib.
 
F.Ağayev deyir ki, Azərbaycan qanunvericiliyində məhkəmə protokolunun müdafiə tərəfinə verilməsi əksini tapır, amma məsələ gerçəkliyə gələndə bundan imtina edirlər: «Özü də, ilk dəfə deyil ki, belə hallar baş verir. İş o yerə gəlib çatıb ki, adi məhkəmə protokolunun surətini də Avropa İnsan Haqları Məhkəməsinin vasitəsilə almağa məcbur oluruq».
 
İ.Məmmədov Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də 2 il sınaq müddəti ilə şərti azadlığa buraxılıb. Söhbət həmin məhkəmə prosesinin protokolundan gedir.
 
Vəkil vurğulayır ki, prosesin protokolunu almaqdan ötrü rəsmi qaydada Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Ancaq istəyi geri çevrilib.
 
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
 
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.
 
AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.
 
Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.