Böyük mərcəi təqlid Ərbəin yürüşünün əzəməti haqqında danışdı

Görkəmli İslam alimi və təqlid müctəhidi Ayətullah Şübeyri Zəncani Ərbəin ziyarətinin əhəmiyyəti, habelə milyonlarla insanın iştirak etdiyi piyada yürüşünün fəzilətləri barədə mühüm bəyanatla çıxış etmişdir.

O, bu möhtəşəm yürüşün (Ərbəin) müasir dövrdə daşıdığı ali missiyaya diqqət çəkərək qeyd etmişdir:

“Ərbəin piyada yürüşü İslam şüarlarından biri və Əhlibeyt məzhəbinin təbliğ vasitəsidir.”

Öz çıxışında Həzrət Seyyidüş-Şühədanın (ə) ziyarətinin dini rəvayətlərdə kəskin şəkildə vurğulandığını xatırladan alim bildirmişdir ki, bəzi hədislərdə bu əməlin fərz (vacib) olduğu da qeyd olunur:

“… Bir çox rəvayətlərdə Həzrət Seyyidüş-Şühədanın (ə) ziyarət edilməsi kəskin vurğulanmış, hətta bu rəvayətlərin bir qismində bu ziyarətin vacib və fərz olduğu qeyd edilmişdir. İş o yerə çatıb ki, mərhum Əllamə Məclisi və onun əziz atası kimi bəzi alimlər bu rəyə meyil etmişlər ki, bu ziyarəti etməyə imkanı olan hər bir kəsə ömründə bir dəfə Həzrəti ziyarət etmək vacibdir.”

Bununla yanaşı, Ayətullah Zəncani xüsusi olaraq vurğulamışdır ki, günümüzdə Ərbəin yürüşü sırf fərdi ibadət çərçivəsindən çıxaraq, “Allahın şüarlarını uca tutmaq” (təzimi-şəairillah) məfhumunun ən bariz nümunəsinə çevrilmişdir:

“Bu gün bu piyada yürüşü İslam şüarlarından (rəmzlərindən) birinə və məzhəbin təbliğ vasitəsinə çevrilmişdir və bu baxımdan “Allahın şüarlarını uca tutmaq” (təzim etmək) ilə bağlı rəvayətlərin sırasına daxildir.”

Sonda Ayətullah Zəncani bu müqəddəs ənənənin dirçəldilməsində və ona xüsusi əzəmət qazandırılmasında görkəmli hədis alimi mərhum Hacı Nurinin müstəsna rolu olduğunu qeyd edərək deyib:

“Ali məqamlı hədis alimi mərhum Hacı Nuri Nəcəfdən Kərbəlaya böyük alimlərlə birlikdə davamlı piyada yürüşləri ilə bu mərasimə xüsusi bir əzəmət bəxş etmiş və nəhayət, piyada yürüşünün qayıdış yolunda əbədi dünyaya qovuşmuşdur (vəfat etmişdir).”