Taleh Bağırzadə: ''Müsəlman Birliyi''nin Muraz Rəhimov adlı üzvü olmayıb

''Mən getdikcə inanmağa başlayıram ki...''

Avqustun 10-da Sumqayıtda Gəncə hadisələri ilə əlaqədar keçirilən əməliyyat nəticəsində daha bir nəfər öldürüldü – 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlu. Bununla Gəncə hadisələrinə görə öldürülənlərin sayı 5 nəfər oldu.

Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilirdi ki, M.Rəhimov “Müsəlman Birliyi” Hərəkatının üzvü olub. O, bundan əvvəl həbsdə olduğu vaxt hərəkata qoşulub, və aqressivləşib.

İddia edilir ki, M.Rəhimov 10 iyulda Gəncədəki iğtişaşlarda iştirak edib, qarşıdan gələn Aşura mərasimi dövründə isə bu şəhərin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırırmış.

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə açıqlama yayaraq, həm son vaxtlar hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyatlarda bir-birinin ardınca adamları öldürməsinə, həm də M.Rəhimovun hərəkatın üzvü kimi təqdim olunmasına münasibət bildirib.

“Azərbaycan hakimiyyəti son vaxtlar öz vətəndaşlarına qarşı terror etməkdədir. Düzdür, biz uzun illərdir bu terrorla üz-üzəyik. Qanunsuz həbslər, insanların şərlənib zindanlara salınması, azadlıq istəyənlərin azadlıqdan məhrum edilməsi, işgəncələr... Bütün bunlar hakimiyyəti zəbt edənlərin vətəndaşa qarşı savaş açmasıdır. Son vaxtlar isə bütün məntiqi kənara qoyub, birbaşa, vətəndaşa “terrorçu” adı verib öldürməklə məşğuldurlar. Hərçənd, bunun ilk işartılarını biz hələ 2015-ci il noyabrın 26- da Nardaranda bunlar öz polislərini belə öldürməkdən çəkinməyəndə görmüşdük. Gəncə hadisələrindən sonra isə istədikləri adamı “terrorçu” elan edib öldürürlər. Qəribədir ki, öldürdükləri adamları da “Müsəlman Birliyi”nin fəal üzvü kimi təqdim edirlər”, - T.Bağırzadə bildirir.

İlahiyyatçı bəyan edib ki, “Müsəlman Birliyi” Hərəkatının Muraz Rəhimov adlı üzvü olmayıb. Onun sözlərinə görə, mərhum M.Rəhimovun həbsdə olarkən hərəkata qoşulması, daha da radikallaşması barədə deyilənlər də yalandır: “Mən bunların öldürdükləri adamın arxasından yalan danışmasına heyrətlənmirəm. Amma, bu, nə xəstə təfəkkürdür ki, “terrorçu” elan etdikləri hər kəsi “Müsəlman Birliyi”nə bağlamağa cəhd edirlər? Əlbəttə, bu çirkin niyyətin arxasında nə dayanır, bəllidir - cəmiyyəti çaşdırmaq! İnsanların beyninə yeritməyə çalışırlar ki, necə olur, silahlıların hamısı “Müsəlman Birliyi”nin üzvü çıxır?”

T.Bağırzadə onu da bildirir ki, M.Rəhimovun hərəkatın üzvü olmaması onun ölümünə olan münasibəti dəyişmir: “İnsanı məhkəmə qarşısına çıxarmağa qorxub, ifşa olunacaqlarından ehtiyatlandıqları üçün hakimiyyətin verdiyi gücü vətəndaşa qarşı işlədirlər. Əgər onlar, doğrudan da, qanuna keşik çəkənlərdirsə, vətəndaşı öldürməyə ixtiyarları yoxdur.

Mən getdikcə inanmağa başlayıram ki, Gəncə hadisələrində də elə bu hakimiyyətin öz fitnəsi rol oynayıb, indi də qəzəblərinə tuş gələnləri fürsətdən istifadə edib öldürürlər, şahid buraxmaq istəmirlər”.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında həbs olunub. O, 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı ona qarşı irəli sürülmüş dövlət çevrilişi, terrora çağırış, Nardaranda polislərin öldürülməsi kimi ittihamları rədd edir. Özünün və “Müsəlman Birliyi” Hərəkatının 50-dən artıq üzvünün saxta ittihamlarla həbs olunduğunu, Nardaranda polislərin elə öz həmkarları tərəfindən qətlə yetirildiyini bildirir.

meydan.tv