Daha bir inanclı ciddi qapalı rejim həbsxanasına köçürüləcək

Həbsxanalarda inanclılara qarşı süni maneələr yaradılaraq onları köçürüldüyü həbsxanalara buraxmadan karantin otaqlarından ciddi-qapalı rejimli müəssisəyə (krıtıya) göndərilmək az qala dəb halını alıb. Zatən şərlənərək həbsxanalara məhkum edilən inanclılar iş aldıqdan sonra köçürüldükləri cəzaçəkmə müəssisələrində rəhbərliyin gözünə necə görünmələri onların müqəddəratını həll edir.

Bəzi cəzaçəkmə müəssisələri bura köçürülən məhbusu karantin otağına alan andan ona bildirir ki, “səni müəssisəyə buraxmayacağam”. Əlbəttə bunu təkcə müəssisə rəhbərliyinin müstəqil qərarı da adlandırmaq olmaz. İnanclını şərləməklə saxlayan polisdən ona cəza verən hakimə qədər məhbus barəsində dosyenin bu işdə müstəsna rolu az deyil.
Son nöqtəni məhbusun köçürüldüyü müəssisə rəhbərliyi qoyur. O, məhbusun karantin müddətinin bitmə ərəfəsində daxili qaydaların pozulması bəhanəsi ilə ona karserlər təşkil edərək məhbus üçün elə karantin və karserlər arasında növbəti məhkəmə təşkil edir.

Təbii ki, əvvəldən müəyyən olunmuş qərar məhkəmənin məhbusu ciddi-qapalı rejimli müəssisəyə köçürülməsi barədə qərara imza qoyur ki, bu da inanclı məhbuslara qarşı yaşanan çoxsaylı haqsızlıqlar içində yer alan özbaşınalıqlardandır.

Belə bir halı bu günlərdə 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülən inanclı Elvin Zeynalov da yaşayıb. Sentyabrın 15-də saxlanıldığı Umbakıdan 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülən inanclı karantin dövrünü oktyabrın 4-də bitirsə də müəssisə rəhbərliyi onun barəsində rejim qaydalarını pozma bəhanəsi ilə karser cəzası çıxarıb.
Karserdə olduğu müddətdə isə E. Zeynalova bildirilir ki, 7 günlük karseri bitən kimi növbəti 10 günlük karserlə o, daxili məhkəmə önünə çıxarılacaq və ciddi qapalı rejimli müəssisəyə-krıtıya köçürüləcək.

Zatən inancına görə həbs edilən şəxslərin həyatı çətinlikləri, ailə durumlarını məşəqqətə çevirənlər bununla da kifayətlənməyib onlara süni maneə ilə çətinliklər yaratmaları yalnız daxili xislətin necə acınacaqlı duruma uğramasının əyani nümunəsi ola bilər.
Xatırladaq ki, Zeynalov Elvin Mübariz oğlu 31 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivi ərazisində saxlanılıb. İnanclıların silsilə həbsləri fonunda gerçəkləşən bu repressiya qubanına da eyni aqibət, saxta narkotik ittihamı irəli sürülüb. 6 iyun 2025-ci il Ağır Cinayətlər Məhkəməsi E. Zeynalovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məlumat üçün deyək ki, Elvin Zeynalov Müsəlman Birliyi Hərəkatının üzvü Qarabağ qazisi Etibar İsmayılovun bacısı oğludur.