İtaliyada burqa və niqab qadağası üçün qanun təklifi verildi

“Ayrılmaçılığa qarşı” qanun təşəbbüsü

İtaliyanın hakim sağ koalisiyasının aparıcı qüvvəsi - Baş nazir Giorciya Meloninin “İtaliyanın Qardaşları” (Fratelli d’Italia - FDI) partiyası parlamentin Aşağı Palatasına yeni qanun layihəsi təqdim edib. “Ayrılmaçılığa qarşı” adlanan bu layihə ictimai yerlərdə burka, niqab və digər üzörtüklərinin istifadəsini qadağan etməyi nəzərdə tutur.

 

İtaliyada mübahisəli qərar

Layihəyə əsasən, bu qadağa dövlət binaları, məktəblər, universitetlər və bütün ictimai müəssisələrdə tətbiq olunacaq. Eyni zamanda, məscidlərə edilən ianələr və maliyyə axınları üçün daha ciddi şəffaflıq tələbləri müəyyənləşdiriləcək, “məcburi evlilik” cinayətinə isə daha sərt cəzalar nəzərdə tutulacaq.

Qanun təklifinə görə, qadağanı pozan şəxslərə 300 - 3000 avro arası cərimə tətbiq ediləcək.

 

Radikal sağın dəstəyi və mövcud təşəbbüslər

Meloninin koalisya ortağı olan ifrat sağçı “Liqa” partiyası bu ilin yanvarında oxşar məzmunlu, lakin daha məhdud çərçivədə bir qanun layihəsi təqdim etmişdi. “Liqa”nın təklifi də ictimai yerlərdə üzün tam örtülməsini qadağan edir.

Hazırda həmin layihə parlamentin müvafiq komissiyasında müzakirə olunur. Yeni təqdim edilən FDI layihəsinin bu təkliflə birləşdirilib-birləşdirilməyəcəyi hələlik məlum deyil.

 

Qanun layihəsinin qəbul ehtimalı yüksəkdir

İtaliya mətbuatının yazdığına görə, sağ koalisiyanın parlamentdə çoxluğa sahib olması bu layihənin qəbul olunma ehtimalını artırır. Qanun layihəsinin müzakirəyə çıxarılacağı dəqiq tarix hələ açıqlanmasa da, FDI və Liqa partiyalarının birgə səsi onun təsdiqlənməsi üçün kifayət hesab olunur.

Layihənin tərəfdarları iddia edir ki, bu addım “ictimai təhlükəsizliyi artırmaq və qadınların azadlığını qorumaq məqsədi” daşıyır. Tənqidçilər isə hesab edirlər ki, təklif “din azadlığını məhdudlaşdırır və müsəlman icmalarına qarşı ayrı-seçkilik yaradır.”

 

İtaliyada mübahisəli qərar

İctimaiyyət arasında fikir ayrılığı davam edir. Bəzi hüquq təşkilatları layihənin konstitusiyaya zidd olduğunu və Avropa İnsan Hüquqları Məhkəməsinin dini geyim azadlığına dair qərarlarına uyğun gəlmədiyini bildirirlər.

Hazırda qanun layihəsinin gələcək həftələrdə parlamentdə ilkin səsverməyə çıxarılması gözlənilir.