28 günlük aclıq aksiyası nəticəsində Nicat İbrahimin səhhətinin pisləşdiyi bildirilir

Həbsdə olan və 28 gündür aclıq aksiyası keçirən ictimai fəal Nicat İbrahimin səhhətinin pisləşdiyi deyilir.

Bu barədə “Toplum TV”-yə onun həyat yoldaşı Pərvin İbrahim bildirib. 

Onun sözlərinə görə, sonuncu telefon zəngində fəalın səsi çox zəif gəlib və danışmağa taqəti olmayıb. 

“Başı gicəllənir və yalnız su içir. Aclıq etməsindən bizim təzə xəbərimiz olub, mənə vəkil Zibeydə Sadıqova dedi. Özündən soruşanda təsdiqlədi. Dedi ki, heç kim ona aclığı dayandırmalı olduğunu deməsin, çünki onu şərləyiblər və heç bir vəsatətini təmin etmirlər”, - P.İbrahim deyib. 

N.İbrahimə iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, N.İbrahimə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Oktyabrın 6-da isə Bakı Apellyasiya Məhkəməsi onun haqqında qərarı qüvvədə saxlayıb. Həyat yoldaşının sözlərinə görə, vəkili 20-dən çox vəsatət versə də, məhkəmə heç birini təmin etməyib. 
N.İbrahim isə ittihamları rədd edir və deyir ki, sağlamlığına zərər vurduğu iddia olunan Bəhmən Əliyev adlı şəxsi, ümumiyyətlə, tanımır. 

N.İbrahim 2020-ci ilin iyulunda da Prezident Administrasiyasının önündə İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış və koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. 

Fəal o vaxt da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.

O, 2017-ci ildə ağzını tikərək aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.