Almaniyada Ərdoğanın qızıl heykəli qoyulub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın qərbindəki Visbaden şəhərində ucaldılan heykəli mübahisələrə səbəb olub.
 
Qızıldan hazırlanan və bir neçə metr hündürlüyündə olan bu heykəlin bünövrəsində qırmızı şam yandırılıb. Şamın yanına isə üzərində ''Mətbuata azadlıq'' şüarı yazılan kağız qoyulub.
 
Heykəl Biennale sənət festivalının təşkilatçıları tərəfindən bazar ertəsi günü ucaldılıb. Festivalın direktoru Erik Laufenberqin sözlərinə görə, heykəlin ucaldılmasına məqsəd bununla bağlı azad şəkildə mübahisə apara bilməkdir.
 
''Aydındır ki, Ərdoğan mübahisə doğuran bir siyasi fiqurdur və bizim bu ölkədə bunu azad şəkildə müzakirə edə bilmək hüququmuz var. Digər ölkələrdə buna icazə verilməməsi çox təəssüf doğurur, amma burada biz bu heykəl və həmin adam haqqında müzakirələr apara bilərik.'' - deyə, Erik Laufenberq Reutersə bildirib.
 
Ancaq Visbaden sakinlərinin bəziləri heykəlin xüsusi bir bədii dəyərinin olduğunu düşünmür.
 
''Xeyr, məncə bu normal deyil. Əgər məndən soruşsanız bu heç sənət nümunəsi də deyil. Məncə bu türklər və almanların yaxşı münasibətinə zərbə vuracak təxribatdır.'' - deyə, şəhər sakini Dieter Laun bildirib.
 
2016-ci ildə Ərdoğana qarşı çevriliş cəhdindən sonra Ankaranın təxminən 50 min insanı həbs etməsi və 150 mindən çox müəllim, hakim və əsgəri işdən çıxartması Almaniya ilə Türkiyə arasındakı münasibətlərin soyumasına səbəb olub.
 
Visbaden şəhərinin rəsmiləri isə Almaniya Birliyi meydanında yerləşdirilən heykəldə kimin təsvir ediləcəyini bilmədən buna icazə verildiyini açıqlayıb. Onlar sənətçinin bədii ifadə azadlığını qəbul etdiklərini və heykəli çıxartmaq üçün heç bir qanuni səbəb görmədiklərini əlavə ediblər.
 
Biennale festivalının bu ilki mövzusu ''Pis xəbər'' adlanır və avqustun 28-indən sentyabrın 2-sinə qədər davam edəcək.
 
AmerikanınSəsi