2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib.
Məlumatı Almaniyada fəaliyyət göstərən "Leqat” İnteqrasiya Mərkəzi yayıb.
Məlumatda deyilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.
"2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib”.
Mərkəz bildirir ki, qaçqın statusu haqqında qanunun 41-ci paraqrafına əsasən, 15 nəfərin subsidiar müdafiə haqqında ərizəsi üzrə müsbət qərar qəbul edilib. Almaniyada yaşayış yeri haqqında qanunun 60-cı paraqrafının V və VII hissələrinə əsasən, Azərbaycana deportasiyanı qadağan edən hallar mövcud olduğu üçün 7 nəfərə müvəqqəti yaşayış icazəsi verilib:
"Beləliklə, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib və onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib.
768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib. Almaniyada qaçqın statusu haqqında ərizəsinə baxılmasının mümkünsüzlüyü nəzərə alınan 558 nəfərin müraciətinə baxılmaqdan imtina edilib. Buna Dublin müqaviləsinə əsasən, başqa ölkələrə göndərilməsi gözlənilən şəxslər, müraciətdə qaçqın statusu əlamətlərinin olmaması və s. hallar aiddir.
Bu isə o deməkdir ki, ümumilikdə 1400 nəfərdən 1326 nəfərə bu və ya digər formada rədd cavabı verilib”.
ReAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan vətəndaşlarının xaricə axını son illər daha da güclənib:
"İnsanlar həm iş, həm də daimi yaşayış üçün xaricə üz tuturlar. Səbəb isə birdir - iqtisadi böhran, gəlirlərin azalması, sosial vəziyyətin pisləşməsi, siyasi təqib, perspektivsizlik. Köç istiqamətləri də müxtəlifdir. Əsasən, Türkiyə, Almaniya, Çexiya, Rusiya, Kanadanı seçirlər’’.
2016-cı ildə Almaniyaya sığınacaq üçün 4750 nəfər azərbaycanlı müraciət edib. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çox olub.
Bir neçə gün öncə Almaniyanın Deggendorf şəhərində mühacir həyatı yaşayan Humay Məmmədova deportasiya edildiyi üçün intihar edib. O çoxlu dərman atıb. Xəstəxanaya çatdırılsa da, 15 gün ərzində ölüb. Səhhətində problem olan qadının 9 yaşlı qızı qalıb.
"Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, son 3 ayda 7 adam Dublin müqaviləsinin tələblərindən yayınmaq üçün özünə qəsd edib. Dublin sazişinə görə mühacir birinci növbədə viza aldığı ölkəyə getməlidir və qaçqın statusu üçün orada müraciət etməlidir. Azərbaycandan Almaniyaya gələn vətəndaşların əksəriyyəti isə digər ölkələrin vizaları ilə gəlir:
"Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin çoxu vətəndaşları aldadaraq bir ölkənin vizası ilə "qaçqınlıq statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxslərin qaytarma prosesi başlayır. Almaniya hökuməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində heç bir təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. İnsanlar bundan özünü qorumaq üçün intihara əl atırlar. Bəziləri Azərbaycana qayıtmamaq üçün, bəziləri isə Almaniyadan getməmək üçün”.
Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.
Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.
Meydan.Tv
Bu il minə yaxın azərbaycanlı Almaniyadan sığınacaq istəyib
Oxşar xəbərlər