Yunanıstanda işçilər sursatla dolu konteynerin İsrailə göndərilməsinin qarşısını alıblar

Yunanıstandakı liman işçiləri Pirey limanından İsrailə gedən sursatla dolu konteynerin yüklənməsinin qarşısını alıblar.

Yunanıstanda fəhlələr döyüş sursatı ilə dolu konteynerin İsrailə göndərilməsinin qarşısını alıblar

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Şimali Makedoniya üzərindən Yunanıstana daşınan sursat olan konteyner İsrailin Hayfa limanına gedən gəmiyə yüklənmək üçün Pirey limanına gətirilib.

Həmkarlar ittifaqının çağırışı ilə toplaşan işçilər sursatla dolu konteynerin gəmiyə yüklənməsinə icazə verməyiblər.

İşçilər İsrail üçün nəzərdə tutulan konteynerin üzərinə “Qatillər, limandan çıxın” yazıb və “Fələstinə azadlıq” şüarları səsləndiriblər.

İşçilər konteynerin gəmiyə yüklənməsinə icazə verməyəcəklərini və əllərini Fələstin xalqının qanına boyamayacaqlarını bildiriblər.

Pirey Liman İşçiləri Həmkarlar İttifaqının sədri Markos Bekris verdiyi açıqlamada, "Fələstin xalqının soyqırımını davam etdirəcək döyüş sursatlarının Pirey limanından göndərilməsinə icazə verməməyə qərar verdik" deyib.

“Biz tələb edirik ki, ölkəmiz dərhal müharibəyə qarışmağı dayandırsın”, - Bekris bildirib.