Yəmən: ABŞ-ın “Vinson” təyyarədaşıyan gəmisi ilk dəfə hədəfə alınıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Sənada toplaşan böyük izdiham qarşısında çıxış edərək, ABŞ-ın bölgədəki hərbi varlığına cavab olaraq həyata keçirilən son əməliyyatlar haqqında məlumat verib.

Səri, Yəmən raket birliklərinin İsrailin işğal altındakı Yaffa bölgəsindəki Ben Qurion hava limanı ətrafındakı bölgəni "Zülfikar" ballistik raketi ilə hədəfə aldığını açıqlayıb.

Səri həmçinin Qırmızı dəniz və Ərəbistan dənizində ABŞ-ın “Truman” və “Vinson” hərbi gəmilərinə qarşı birgə hərbi əməliyyat təşkil etdiklərini açıqlayıb.

Yəmən qüvvələrinin bu əməliyyatla ilk dəfə olaraq “Vinson” təyyarədaşıyan gəmisini hədəfə aldığı bildirilib.

Sözçü ABŞ-ın Səna üzərindəki hücum fəaliyyətləri zamanı Yəmən qüvvələri tərəfindən MQ-9 Reaper tipli pilotsuz uçuş aparatının da vurulduğunu bildirib.

ABŞ-ın Yəmənə hərbi müdaxiləsinin cavabsız qalmayacağını vurğulayan Səri, bu cür hücumların yalnız müqaviməti artıracağını bildirib. O, Yəmənin Fələstin xalqına dəstək məqsədilə başladığı hərbi əməliyyatları Qəzzada müharibə bitənə və blokada qaldırılana qədər davam etdirəcəyini vurğulayıb.

"ABŞ-ın yeni təyyarə gəmisi əvvəlki dörd gəmi kimi uğursuz olacaq" deyən Səri, Yəmənin azad, müstəqil və şərəfli şəkildə müqavimətini davam etdirəcəyini bildirib.

 

 

 

Az.rasthaber.com