2025-ci ilin Dünya Mətbuat Fotoqrafiyası Mükafatı fələstinli fotoqraf Samar Əbu Əlufa təqdim olunub

2025-ci ilin Dünya Mətbuat Fotoqrafiyası Mükafatı Doha şəhərində yaşayan fələstinli fotoqraf Samar Əbu Əlufa təqdim olunub. O, bu nüfuzlu mükafata İsrailin Qəzzaya hücumu zamanı yaralanmış gənc oğlan Mahmud Əccurun dərin emosional təsir bağışlayan görüntüsünü çəkdiyinə görə layiq görülüb.
The New York Times qəzeti üçün çəkilmiş bu foto, 2024-cü ilin martında baş verən partlayış nəticəsində bir qolu amputasiya edilən, digəri isə ağır zədələnən Mahmudun həm iztirabını, həm də dözümünü güclü şəkildə ifadə edir.
2023-cü ilin dekabrında Qəzzadan təxliyə edildikdən sonra Samar Əbu Əluf xaricdə müalicə almağa çalışan Mahmud kimi insanların həyat hekayələrini sənədləşdirməyə davam edir.
Dünya Mətbuat Fotoqrafiyası Müsabiqəsi artıq 70 ildir ki, fotojurnalistika sahəsində ən yaxşı işləri təltif edir. Bu il müsabiqəyə 141 ölkədən 59 mindən çox fotoşəkil təqdim olunub. Seçilmiş əsərlər arasında mübarizə, üsyan, şəfqət və cəsarət kimi mövzuları əks etdirən güclü hekayələr ön plana çıxıb.
 
 
MeydanTV