Azərbaycan XAXCP-nin həbsdə olan fəalı Elxan Əliyevin həyatının təhlükədə olduğu bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 6 saylı cəzaçəkmə müəssəsində həbsdə olan fəalı Elxan Əliyevin həyatının təhlükədə olduğu bildirilir.
Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.
“Həbsdən əvvəl iki dəfə insult keçirmiş Elxan Əliyev zəng edərək bildirib ki, son günlər səhhətində insult əlamətlərini yenidən hiss edir. Bu haqda müəssisə rəisi Fariz Əliyevə məlumat verib. Ciddi müayinəyə ehtiyacı olduğunu bildirib və müalicəyə göndərilməsini istəyib. Lakin Fariz Əliyev heç bir reaksiya verməyib”, – Məmməd İbrahim bildirib.
Məmməd İbrahimin sözlərinə görə, Elxan Əliyev Fariz Əliyevin qəbuluna getsə də, onu qəbul etməyiblər:
“Fariz Əliyev başa düşməlidir ki, əgər Elxan Əliyev üçüncü dəfə insult keçirsə, onun həyatı təhlükədə olacaq, hətta ölümlə üzbəüz qala bilər. Başa düşməlidir ki, onun qərəzli münasibəti, bir insanın həyatına son qoya bilər. Əgər Elxanın başına bir iş gələrsə bunu məsuliyyəti birbaşa Fariz Əliyevin üzərində qalacaq”.
Yazılanlarla Penitensiar xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev 2023-cü ilin iyul ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
2024-cü il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Elxan Əliyevə hökm oxunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.