İsrail mülki əhalinin çadırlarını vurdu; Ölən və yaralananlar var

İsrail ordusu Qəzza zolağının Əl-Məvasi bölgəsində köçkün dinc sakinlərin sığınacağı çadırlarına hücum edib. Hücumda qadın və uşaqların da olduğu azı 10 nəfər şəhid olub, çoxlu sayda yaralı var.

Qəzzada dinc əhalini hədəf almağa davam edən İsrail qırğınlarına yenisini əlavə edib. Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, İsrail ordusu daha əvvəl “təhlükəsiz zona” elan etmiş və yüz minlərlə insanı qaçmağa məcbur edən Xan Yunus şəhərinin qərbindəki Əl-Məvasi bölgəsində didərgin düşmüş mülki vətəndaşların yerləşdiyi çadırlara hücum edib. Hücumdan sonra alova bürünən çadırlarda aralarında qadın və uşaqların da olduğu azı 10 nəfərin şəhid olduğu, çoxlu sayda insanın yaralandığı bildirilib. Hücumdan sonra yaşanan dəhşət anlar kameraya düşüb. İsrail ordusu hücumun məqsədi ilə bağlı açıqlama verməyib.

Fələstin Səhiyyə Nazirliyindən verilən son açıqlamada 7 oktyabr 2023-cü il tarixindən etibarən soyqırımçı İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 51 min 25, yaralı sayının isə 116 min 432 nəfərə çatdığı bildirilib.