Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunun ailəsinin tələbilə öz seçdikləri həkim tərəfindən müayinəsi təmin olunub. Bunu AzadlıqRadiosunun sorğusuna cavab olaraq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından bildirilib.
"Belə ki, ailə üzvlərinin və vəkilinin T.Yaqublunun Azərbaycan Tibb Universitetinin professoru Aqil Qeybulla tərəfindən müayinə olunması üçün şərait yaradılması ilə bağlı müraciətləri üzrə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Tibb baş idarəsinə Ombudsman tərəfindən müvafiq sorğular ünvanlanıb. Bu gün müraciətin icrası təmin olunub və Yaqublunun öz seçdiyi həkim tərəfindən də müayinəsi təmin olunub. Həmin şəxsin hüquqları, səhhəti ilə bağlı məsələlər ailəsinin eləcə də vəkilinin müraciətləri nəzərə alınmaqla diqqətdə saxlanılır" sorğuya cavabda qeyd olunub.
Aqil Qeybulla bildirib ki, artıq görüş baş tutub və 19 gündür aclıq edən Tofiq Yaqublunun səhhəti orta ağırlıqda hesab olunur. "Çəki itkisi var, çəkisi 83kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya və ürək döyüntüsü isə normaldır. Aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və fizioloji məhlulların qəbulunun vacibliyi bildirdim, daha sonra zəruri məhlullar köçürüldü. Həkim olaraq aclığı dayandırmasını təklif etdim, lakin o israrlıdır"
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aprelin 1-dən aclıq aksiyasına başladığı bildirilir.
Bütün bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib.
Tofiq Yaqublunun öz həkim tərəfindən müayinəsi təmin olunub