Azərbaycandan Avropaya qaz satışı artıb

Amerikanın Səsi xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub.

Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu aylar ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz ixrac olunub.

Onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 4,2 milyard kubmetr qaz nəql edilib.

“Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2 faiz çoxdur”, paylaşımda qeyd olunub.

Azərbaycan bu ilin avqust-sentyabr aylarından başlayaraq Xorvatiya və Sloveniyaya qaz təchizatına başlayıb.

Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-yə qaz ixracının dayandırılması Azərbaycan qazına tələbatı artırıb.