İraq-İran uçuşları bərpa olunur: Nəcəf hava limanı 24 saat ərzində açılacaq

İraqın İrandakı səfiri Yasir Əbdülzəhra əl-Həccac İraqın Nəcəf Beynəlxalq Hava Limanının 24 saat ərzində İran reysləri üçün yenidən açılacağını bəyan edib.

Səfir mətbuata açıqlamasında bildirib ki, Baş nazir Əli əz-Zeydinin rəhbərlik etdiyi İraq hökuməti iki qonşu ölkə arasında hava əlaqəsinin bərpası üçün ardıcıl səylər göstərir.

Əl-Həccac vurğulayıb ki, İraq hökuməti tərəfindən İranla uçuşların dayandırılması barədə hər hansı rəsmi qərar qəbul edilməyib:

“Hökmət uçuşları dayandırmayıb. Yalnız xarici yerüstü xidmət şirkətləri ABŞ sanksiyalarından ehtiyat edərək xidmət göstərməkdən imtina ediblər. Lakin Nəcəf hava limanı 24 saat ərzində İran təyyarələri üçün qapılarını yenidən açacaq.” Xatırladaq ki, ötən cümə günü Nəcəf Beynəlxalq Hava Limanı İrandan gələn və bu ölkəyə gedən bütün aviareyslərin dayandırıldığını elan etmişdi. Bu addım ABŞ-ın İran aviasiya sektoruna qarşı tətbiq etdiyi hərtərəfli sanksiyalar paketinin qüvvəyə minməsindən sonra atılmışdı. Vaşinqton İran təyyarələrinə texniki qulluq, yerüstü xidmət və ya yanacaq doldurma xidməti göstərən istənilən xarici hava limanını və ya şirkəti qlobal maliyyə sistemindən və dollar əməliyyatlarından təcrid edəcəyi ilə hədələmişdi.

ABŞ sanksiyalarına cavab olaraq, İran Mülki Aviasiya Təşkilatı birbaşa uçuşların bərpası və öz qanuni hüquqlarının qorunması məqsədilə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi etiraz məktubu təqdim etdiyini açıqlayıb.