“Amnesty International”: “‘Abzas Media’ jurnalistləri üç ildir ağır şəraitdə saxlanılır”

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media” jurnalistlərinin həbsinin üçüncü ildönümü ərəfəsində bəyanat yayıb. Təşkilat Azərbaycanda müstəqil jurnalistikaya qarşı repressiyaların davam etdiyini bildirib, həbsdəki jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Noyabrın 17-də yayılan bəyanatda “Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib ki, “Abzas Media işi” üzrə həbs edilən yeddi jurnalist artıq üç ildir ailələrindən uzaqda, ağır həbsxana şəraitində saxlanılır.

“Onlar Azərbaycanda müstəqil jurnalistikaya qarşı genişmiqyaslı repressiyaların ilk hədəfləri sırasında olublar.

Təqiblər əsassız həbslərlə bitmir. Yaxınları və vəkilləri bildirirlər ki, “Abzas Media” jurnalistlərinə, eləcə də tənqidi jurnalistika və fərqli fikirlərinə görə həbs olunan digər şəxslərə qarşı təkadamlıq kamerada saxlanılma, tibbi yardımdan məhrumetmə, döyülmə və digər pis rəftar halları artıb”, - deyə təşkilatın nümayəndəsi bildirib.

Mari Strazers Azərbaycan hakimiyyətini ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs olunan bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb:

“Hakimiyyət bütün məhbusları lazımi tibbi yardımla təmin etməli, pis rəftar barədə məlumatları dərhal araşdırmalı və belə rəftarın bütün formalarına son qoymalıdır”.

 

Təşkilat Ülvi Həsənliyə qarşı təzyiqlərə də diqqət çəkib

Bəyanatda “Abzas Media”nın direktoru Ülvi Həsənlinin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi qeyd olunub.

Həyat yoldaşı Rübabə Quliyevanın təşkilata verdiyi məlumata görə, noyabrın 2-də müəssisənin rəis müavini Kamran Şahsuvarovun hədələrindən sonra Ülvi Həsənli təkadamlıq kameraya salınıb.

Bildirilir ki, həbsxana rəhbərliyi jurnalistə təzyiq göstərərək müəssisədəki şərait və iddia olunan qanun pozuntuları barədə “Abzas Media”nın araşdırma yazılarını sildirməyə, həbsxana ilə bağlı yeni materialların hazırlanmasını dayandırmağa çalışıb.

Bəyanatda Ülvi Həsənlinin bu təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başladığı da qeyd edilib.

 

“Abzas Media”nın həbsindən üç il keçir

“Abzas Media”nın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra nəşrin digər beş əməkdaşı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeddi nəfərə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib.

“Amnesty International” jurnalistlərə qarşı irəli sürülmüş maliyyə ittihamlarını saxta hesab edir.

Təşkilat xatırladıb ki, oxşar ittihamlarla “Toplum TV” jurnalistləri də həbs olunub və 2026-cı ilin iyulunda onlara 12 ildən 15 ilədək həbs cəzası verilib. 2024-cü ilin noyabrında Azərbaycanda keçirilən COP29 iqlim konfransından qısa müddət sonra isə “Meydan TV” əməkdaşlarının həbslərinə başlanılıb.

Bəyanatda həmçinin “Abzas Media” ilə əməkdaşlığına görə həbs edildiyi bildirilən informasiya texnologiyaları üzrə ekspert İlqar Əliyevin 2026-cı ilin mayında həbsxanada vəfat etdiyi xatırladılıb.