“Abzas Media” jurnalistlərinin həbsindən üç il keçir: müxtəlif ölkələrdən azadlıq çağırışı

“Abzas Media” jurnalistlərinə qarşı təqiblərin başlamasından noyabrın 20-də üç il tamam olub. Bu münasibətlə dünyanın müxtəlif ölkələrindən media qurumları, jurnalistlər və beynəlxalq insan haqları təşkilatları həbsdəki jurnalistlərin azad edilməsini tələb edən həmrəylik kampaniyasına qoşulub.

“Abzas Media”nın yaydığı məlumata görə, kampaniya iştirakçıları video və fotolarla jurnalistlərə dəstək veriblər; redaksiya bu çağırışları bir həmrəylik videosunda toplayıb.

Təqiblər 2023-cü il noyabrın 20-də media qurumunun direktoru Ülvi Həsənlinin həbsi ilə başlayıb. Həmin gün redaksiyanın Bakıdakı ofisində axtarış aparılıb, əməkdaş Məhəmməd Kekalov saxlanılıb. Ertəsi gün baş redaktor Sevinc Vaqifqızı, sonrakı aylarda isə Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova həbs edilib. Eyni işdə “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə də həbs olunub.

2025-ci il iyunun 20-də məhkəmə Həsənli, Vaqifqızı, Babalı və Mehralızadəni 9 il, Absalamova və Qasımovanı 8 il, Kekalovu isə 7 il 6 ay həbs cəzasına məhkum edib. Jurnalistlər ittihamları qəbul etmir; onlar korrupsiya və vəzifədən sui-istifadə ilə bağlı araşdırmalarına görə siyasi motivlə həbs olunduqlarını deyirlər.

“Abzas Media” işindən sonra “Toplum TV”, “Meydan TV” və digər müstəqil media qurumlarının əməkdaşları da həbs edilib. Jurnalistlərə qarşı təqiblər bu gün də davam edir.