''REAL üzvü olduğuma görə Kollegiyaya buraxmadılar''

Vəkil olmaq istəyən Ramil Süleymanov: “Sanki Anar Bağırovdan ölü basdırmaq üçün yer istəyirdim...”

Vəkillər Kollegiyasının üzvü olmaq üçün Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanında 63 bal toplayıb, mərhələ adlayan Ramil Süleymanov son nəticədə vəkil ola bilməyib. Çünki ikinci mərhələdən – şifahi müsahibədən keçməyib. Özü isə deyir ki, REAL hərəkatının üzvü olması, bir çox məsələlərlə bağlı tənqidi mövqeyi ilə əlaqədar keçməsinə imkan verməyiblər. R.Süleymanovun sözlərinə görə, ölkədəki reallıqları, yazılmayan qaydaları bildiyindən bu amillərin onun vəkillik yolunda əngəl olacağını dərk edirdi. Elə ona görə də ikinci mərhədələn əvvəl Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşüb.

“2015-ci ilin parlement seçkilərində namizədliyim REAL hərəkatı tərəfindən dəstəklənmişdi. Bu amilin, həmçinin bəzən “Facebook”da haqsızlıqlara etirazımı ifadə etməyimin, Praktik Hüquqşünaslar Qrupunun üzvlərindən biri kimi, ölkədə nümayəndəlik institutunun ləğvilə bağlı qanun layihəsini açıq və fəal şəkildə tənqid etməyimin hakimiyyət və onun yerlərdəki “nümayəndələri” tərəfindən hiddətlə qarşılandığını bilirdim. Bu səbəbdən də Anar Bağırovla birbaşa görüşmək istəyirdim. Mənimlə görüşdü və ona açıq şəkildə dedim ki, siyasi fəaliyyətim yoxdur, gələcəkdə də olmayacaq, ancaq vəkillik fəaliyyəti ilə məşğul olacağam. Xahiş etdim ki, mənə şifahi mərhələdə süni əngəl yaradılmasın”, - R.Süleymanov danışır.

R.Süleymanov bir müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin yanında işləyib. Hüquqşünasın sözlərinə görə, A.Bağırov görüşdə ondan M.Mustafayevin yanından işdən niyə çıxdığını soruşub:

“Anar Bağırov son dərəcə istehzalı, özündən razı formada danışırdı. Mənim xahişimə də elə reaksiya verdi ki, sanki adam öldürmüşəm, basdırmaq üçün onun bağındakı ağacların yanından torpaq sahəsi istəyirəm. Sualının cavabında dedim ki, məni ReAL-a görə işdən çıxarıb. Amma mənim ReAL-da nəzərə çarpacaq fəaliyyətim olmayıb. Anar Bağırov uzun danışıqdan sonra mənə Muxtar müəllimlə görüşməyimi, ondan razılıq və zəmanət almağımı məsləhət gördü. Yalnız bundan sonra məsələ həllini tapa bilərdi”.

R.Süleymanov danışır ki, M.Mustafayevlə görüşdə də siyasi fəaliyyəti olmadığını, yalnız vəkilliklə məşğul olacağını deyib, təminat verib. M.Mustafayev ona mitinqlərdə iştirak etməsini, kəskin çıxışları, Avropa Şurası ilə əlaqələri irad tutub. Lakin hüquqşünas bildirir ki, mitinqlərdə iştirak etməyib:

“Mən Avropa Şurasının İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyası üzrə təlimçisiyəm. Dedim ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətində, digər İntizam və İxtisas komissiyalarında da Avropa Şurasının təlimçisi olan şəxslər var. Mitinqdə iştirakım haqda isə heç bir fakt yoxdur, ola da bilməz. Çünki heç bir siyasi mitinqdə iştirak etməmişəm. Yalnız bir dəfə 20 Yanvar şəhidlərini ziyarət zamanı Şəhidlər Xiyabanında, bir də 28 May - Cümhuriyyət Günü münasibətilə REAL Hərəkatının İdarə Heyəti ilə tədbirdə olmuşam. Bu da siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşın mənəvi borcudur, vətəndaşlıq vəzifəsidir”.

Hüquqşünasın sözlərinə görə, həmin görüşün nəticəsi olaraq, M.Mustafayev ona vəd verib: “Mənə kişi sözü verdi ki, zamin durur. Təxminən bir il Sumqayıtda vəkil işləyəndən sonra özünün rəhbərlik etdiyi vəkil bürosuna gətirəcək”.

R.Süleymanov martın 29-da ikinci mərhələdə iştirak edib. Dediyinə görə, verilən sualları ümumilikdə 60-70 faiz cavablandırıb, amma kənarda qalıb. Həmin gün şifahi müsahibəyə qatılan 12 nəfərdən iki nəfərə rədd cavabı verilib ki, onlar da biri R.Süleymanov, o biri də Ruslan Mustafayev olub. R.Mustafayev siyasi fəalların hüquqlarını müdafiə edən, elə AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının işindəki pozuntular haqda danışdığına görə bir neçə gün öncə vəkillik fəaliyyəti dayandırılan Əsabəli Mustafayevin oğludur.

R.Süleymanov bu cür nəticədən sonra bir daha Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, onun müavini Aydın Axundovla görüşüb. Deyir ki, həmin görüşdə A.Bağırov ona suallara normal cavab verə bilmədiyinə görə kənarda qaldığını söyləyib:

“Dedim ki, biz artıq testlə imtahan verib. nəticə ortaya qoymuşduq. Anar Bağırov dedi ki, onu test maraqlandırmır. Ona bildirdim ki, Dövlət İmtahan Mərkəzinin test imtahanında insan faktoru yoxdur, nəticələrə onun kimi insanlar təsir etmir. Ağızdolusu türkçülükdən, İslam dəyərlərindən, dostluqdan, şərafətdən danışmaqdansa, onlara riayət etmək daha vacibdir. Türkçülük boş çürük sözlərdə deyil, dostluq öz mənafeyini hər şeydən üstün tutub başqasını əzmək deyil, şərafət kimlərəsə “şot” buraxmaq deyil. Anar Bağırov və onun kimilər düşünməsinlər ki, məni sındırdılar. Xeyr, elə deyil...”

R.Süleymanov imtahanın nəticələrindən şikayətini Vəkillər Kollegiyasına da göndərib. Kollegiyadan Azadlıq Radiosuna deyilib ki, onun şikayətinə baxılıb, müvafiq qərar qəbul ediləcək.

meydan.tv