Yeni əməliyyat olunmuş məhbus təcridxanaya qaytarılıb

Saxlanılan zaman amansız işgəncələr səbəbindən yırtıq problemi yaranan siyasi məhbus Mirtofiq Hüseynov əməliyyatdan bir neçə gün sonra yenidən saxlanıldığı 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Bu gün övladını görməyə gedən ataya bildiriblər ki, Mirtofiq cəza çəkdiyi təcridxanaya qaytarılıb. Təcridxanada oğlu ilə görüşən ata mövcud səhnədən narahat olub: 

“Mirtofiq bizimlə görüşə gəlsə də, bir az oturduqdan sonra ağrılardan dayana bilmədiyi üçün bizdən üzr istəyib qalxdı. Mirtofiq bildirdi ki, onu təcridxananın tibb bölməsinə yazıblar və onun yarası sağalmadığı üçün burada qalmalıdır. Övladımı etap edərkən məcburi öz əşyalarını götürməsi isə yeni əməliyyatdan çıxan şəxsin durumunda əlavə problemlərə yol açıb. Yarasının sağalmaması səbəbindən buda onun ağrılarının artması ilə nəticələnib.”

Oğlunun saxlanılan zaman aldığı xəsarətlər, ona verilən işgəncələrdən belində yırtığın yaranması, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı baş ağrıları atanı narahat etsə də, hal-hazırkı nigarançılığı isti havada oğlunun Müalicə Mərkəzindən tibb məntəqəsinə köçürülməsidir. Ata hələ müalicəsi bitməyən oğlunun məhdud şəraitdə müalicə olunmasını doğru hesab etmir və bu barədə əlaqədar təşkilatlara da müraciət edərək iradını bildirib. O, Mirtofiqin müalicəsi bitənə qədər onun müalicə həkimi tərəfindən nəzarətdə saxlanılması üçün Müalicə Mərkəzinə köçürülməsini məqbul hesab edir. 

Xatırladaq ki, Hüseynov Mirtofiq 2022-ci il 6 dekabrda saxlanılaraq Nəsimi RPİ-də 15-20-yə yaxın polis işçiləri tərəfindən verilən işgəncələr səbəbindən çoxsaylı xəsarətlər alıb. 30 may 2024-ci ildə Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən Mirtofiq 7 iyun 2024-ci ildə əməliyyat olunub. Əməliyyatdan bir neçə gün sonra Mirtofiq Hüseynov yenidən 1 saylı İstintaq Təcridxanasına qaytarılıb.