Ali Məhkəmə hüquqşünas şikayəti üzrə qərar qəbul edib

Ali Məhkəmə hüquqşünas Yalçın İmanovun şikayəti üzrə qərar qəbul edib.
 
Bu barədə "Novator.az" məlumat verib.
 
M əlumata görə, iyulun 2-si hakim Xaqani Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2 aprel qərarı qüvvədə saxlanıb.
 
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
 
Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
 
2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib. Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
 
Gəncə İnzibati-İqtisadi Məhkəməsi ilkin baxış zamanı 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddianı icraata götürməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.
 
Hüquqşünas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də şikayət edərək Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. Çəkişmə zamanı Yalçın İmanov Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının qərarının surətinin ona təqdim olunmadığını bildirib. Vəkillər Kollegiyasının nümayəndəsi isə vəsatət qaldıraraq bildirib ki, qərarın qəbulundan sonra, 2018-ci il yanvarın 4-də protokoldan çıxarış Yalçın İmanova təqdim olunub, ancaq o, məhkəməyə müraciət üçün qanunla müəyyən edilən bir aylıq müddəti ötürüb və iddiaya baxılması mümkün sayıla bilməz. Hakim bu vəsatəti təmin edib, fevralın 13-də iddiaya baxışı dayandırıb.
 
Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutan Yalçın İmanov bu qərardadın ləğvini istəyib. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Yalçın İmanov Ali Məhkəməyə aprelin 2-də çıxarılmış bu qərardan şikayət vermişdi.
 
Hüquqşünas Ali Məhkəməyə daha bir şikayət verib. O, vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın ləğvini istəyir. Bu iş üzrə proses hələ təyin olunmayıb.