Ali Məhkəmə də Xədicə İsmayılovanın şikayətini təmin etmədi

Avqustun 7-də Ali Məhkəmədə jurnalist Xədicə İsmayılovanın şikayətinə baxılıb. 
 
Bu barədə "Meydan.Tv" xəbər verib.
 
Jurnalist üzərinə 45 min 145 manat vergi borcu qoyulması barədə aşağı instansiya məhkəmələrinin çıxardığı qərardan kassasiya şikayəti verib.
 
Hakim Rahib Nəbizadənin sədrliyilə keçirilən məhkəmə prosesində X.İsmayılova iştirak etsə də, ona çıxış etməyə icazə verilməyib. Jurnalist vəkilinin iştirak etməməsinə görə məhkəmənin təxirə salınmasını istəyib. Lakin bu istəyinə də müsbət cavab verilməyib.
 
Ali Məhkəmədə proses qısa çəkib – Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıb. Apelyasiya Məhkəməsi də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxlamışdı. 21 dekabr 2018-ci il tarixli həmin qərara əsasən, Vergilər Nazirliyinin iddiası təmin olunmuş, X.İsmayılovanın üzərinə 45 min 145 manat ödəmək öhdəliyi qoyulmuşdu. İddia olunur ki, X.İsmayılova Azad Avropa/Azadlıq radiosunun Bakı bürosuna rəhbərlik etdiyi dövrdə radio bu qədər mənfəət vergisi ödəməkdən yayınıb.
 
Vergilər Nazirliyi məhkəməyə təqdim etdiyi iddiada əvvəlcə 63 min 137 manat tələb edirdi. Bunun 45 min 145 manatı ödənilməmiş mənfəət vergisi, 17 min 992 manatı isə X.İsmayılovanın büro rəhbəri olduğu dövrdə işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayıb, nəticədə əməkhaqqıdan büdcəyə 14 yox, 4 faizlik vergi ödənilməklə yayındırılmış məbləğ kimi təqdim olunurdu.
 
Birinci instansiyada bu iddia üzrə məhkəmə prosesi bir ilə yaxın davam etdi. X.İsmayılova məhkəməyə Ali Məhkəmənin onun haqqında çıxardığı 25 may 2016-cı il tarixli qərarı təqdim etdi. Göstərdi ki, həbs olunanda işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayıb, 17 min 992 manatın vergidən yayındırılmasıyla bağlı ona mənimsəmə ittihamı vermişdilər. Lakin Ali Məhkəmə bu maddə ilə ona bəraət, ittihama da xitam verdi. Ona görə də Vergilər Nazirliyinin indi ondan həmin məbləği tələb etməsi doğru deyil. Bundan sonra Vergilər Nazirliyi bu hissədə iddiadan imtina etdi
 
İddianın qalan 45 min 145 manatlıq hissəsinə gəlincə, X.İsmayılova bildirir ki, Azad Avropa/Azadlıq radiosu gəlir əldə edən kommersiya təşkilatı deyil. Ona görə mənfəət vergisindən də azaddır.
 
Bu məsələ ilə bağlı yerli məhkəmələrin çıxardığı qərarların qanunsuz və əsassız olduğunu söyləyən X.İsmayılova Avropa Məhkəməsinə şikayət göndərəcəyini bildirib
 
Vergilər Nazirliyinin ərizəsi əsasında 2017-ci ilin noyabrından X.İsmayılovanın bank hesabına həbs qoyulub. Hazırda jurnalistin "Kapitalbank”, "Azəriqazbank” və "Azərbaycan Beynəlxalq Bankı"ndakı üç hesabının hamısının üzərində həbs var.
 
X.İsmayılova 2014-cü ilin dekabrında həbs olunub, 2016-cı ilin mayında şərti cəza ilə azadlığa buraxılıb.