İyunun 12-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə ”Azadlıq” qəzetinin Biləsuvar üzrə bölgə müxbiri Ziya Əsədlinin Şirvan Apellyasiya Məhkəməsinin 9 yanvar 2018-ci il tarixli qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə jurnalistin özü və vəkili Elçin Sadıqov, dövlət ittihamçısı Rizvan Şahməmmədov, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vəkil Elçin Sadıqov kassasiya şikayətinin dəlillərini məhkəməyə ifadə edib və şikayətin təmin olunmasını məhkəmədən istəyib. Jurnalist Z. Əsədli isə çıxışında həbsinin əsas səbəbi kimi ”Azadlıq” qəzeti ilə əməkdaşlıq etməsini göstərdiyini deyib.
Qısa və yerində sürən müşavirədən sonra məhkəmə tərkibi kasssiya şikayətinin təmin olunmadığını elan edib.
Qeyd edək ki, ötən il Biləsuvarda sakinlər etiraz aksiyası keçirərək, Bakı-Astara yolunu bağlamışdılar. ”Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli həmin aksiyadan reportaj hazırlayıb və reportaj yayımlandıqdan sonra rayon rəhbərliyi tərəfindən təhdidlərə məruz qaldığını bildirib. Həmin hadisədən sonra 2017-ci il aprelin 19-da çayxanada çayçı işləyən şəxsin fiziki hücumuna məruz qalıb. Sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Yanvarın 9-da Şirvan Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar verib. Jurnalist Ziya Əsədli həbsinin əsas səbəbi kimi ”Azadlıq” qəzeti ilə əməkdaşlıq etməsini göstərir.
Jurnalistin kassasiya şikayəti təmin olunmadı - Video
Oxşar xəbərlər