Ali Məhkəmə bloklanmış saytlarla bağlı kassasiya şikayətinə baxıb

Ali Məhkəmədə "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org və digər saytların bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, iyunun 4-də hakim Mehparə Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

2017-ci il martın sonundan azadlıq.org daxil olmaqla, ölkədə bir neçə müstəqil və müxalifyönlü sayta giriş əngəllənib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti əsasında belə bir addım atılıb. Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.