Rüfət Səfərov İnsan Hüquqları Müdafiəçisi Mükafatının qalibi olması ilə bağlı bəyanatla çıxış edib

Həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov ABŞ Dövlət Departmentinin İnsan Hüquqları Müdafiəçisi Mükafatının qalibi olması ilə bağlı bəyanatla çıxış edib. Mükafatı dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günündə ABŞ Dövlət katibi Antoni Blinken təqdim edib. Səfərov mükafatın təqdimatından bir neçə gün öncə, dekabrın 3-də Azərbaycanda həbs edilib.

“Mənə verilən mükafatı çox yüksək dəyərləndirirəm və mükafat üçün namizədliyimi verən ABŞ-nin Azərbaycandakı səfiri cənab Libbiyə və onun təqdimatını dəstəkləyən ABŞ Dövlət Departamentinin rəhbəri cənab Blinkenə öz təşəkkürümü bildirirəm. Təəsüf ki, rəsmi Bakı həmin mükafatı şəxsən almağımın qarşısını almaq və hüquq müdafiəçiliyimə görə cəzalandırmaq məqsədi ilə məni həbs etdi”, Rüfət Səfərov bildirir.

O fəxr edir ki, hüquq müdafiəçisi olaraq həmişə ümumbəşəri dəyərləri müdafiə edir, hökumətin bütün “iftira və təzyiqlərinə baxmayaraq” yolundan dönmür.

“Əslində, həbsimi də hökumətin hüquq müdafiəçşiliyinə verdiyi mükafat kimi qəbul etmişəm. İnsan hüquqları heç bir ölkənin daxili işi deyil və bu ümumbəşəri anlayışdır. İnsan hüquqları olmadan nəinki dövlət heç cəmiyyət də var ola bilməz. Hər kəsi insan hüquqlarının müdafiəsində həmrəy olmağa səsləyirəm”, bəyanatda qeyd edilir.

Dekabrın 10-da ABŞ Dövlət Departamentində insan hüquqları müdafiəçilərinə mükafatın təqdimetmə mərasimi olub.

Səhnədə mükafatçılar üçün ayrılmış yerdə Səfərovun oturacağının boş olması diqqət mərkəzində olub.

Azərbaycandan olan mükafatçı haqda danışan zaman ABŞ Dövlət katibi Antoni Blinken iştirakçılara Səfərov və onun təşkilatının tarixçəsi haqda məlumat verib: “Prokurorluqda çalışarkən o [Rüfət Səfərov] inanırdı ki, məsuliyyət daşıyanlar cavabdeh tutulmalıdır. Əvəzində isə o, işindən məhrum oldu. Ona saxta rüşvətxorluq ittihamı irəli sürüldü. Saxta məhkəmə onu 9 illik həbs cəzasına məhkum etdi. Azadlığa çıxdıqdan sonra o, insan hüuqlarını müdafiə etdiklərinə görə, vəzifədən sui-istifadə hallarını sənədləşdirdiklərinə görə və hökumətin xoşlamadığı digər qanuni fəaliyyətlərə görə hədəfə alınan insanlara kömək edəcək təşkilatın əsasını qoydu. “Müdafiə Xətti” bu insanların məhkəmələrini müşahidə edir, həbsxanada ziyarət edir, ailələrinə dəstək olur. Bu təşkilat həmin insanların işləri haqda beynəlxalq ictimaiyyəti məlumatlandırır”, Dövlət katibi qeyd edib.

Daha sonra Antoni Blinken mükafatçılar üçün səhnədə ayrılan oturacaqlara işarə edərək, onlardan birinin boş olduğunu vurğulayıb: “Fikir verdiyiniz kimi, bu səhnədə oturacaqların biri boşdur. Bu, Rüfət Səfərova məxsusdur - bir neçə dəqiqə öncə haqqında danışdığım azərbaycanlı insan hüquqları müdafiəçisi. Keçən həftə, bu mərasimə səfər etmək məqsədilə vizasını almaq üçün ABŞ səfirliyindən çıxdıqdan cəmi bir neçə saat sonra Rüfət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldı. Onun barəsində həbs qətimkan tədbiri seçildi. Azərbaycan hökuməti Rüfəti azadlığa buraxmalı və bunu dərhal etməlidir. Onun kimi digər jurnalistləri, insan hüquqları müdafiəçilərini, siyasi opponentlərini və ədalətsiz şəkildə həbs edilən digərlərini azad etməlidir. Saxlanılmasından sonra Rüfətin adından paylaşılan sosial media postunda o, bunları yazıb: “Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir”, Blinken qeyd edib.

Dövlət katibi nitqini tamamladıqan sonra Boliviya, Kolumbiya, Esvatini, Qana, Küveyt, Myanma və Qırğızıstandan olan insan hüquqları müdafiəçilərinə mükafatlarını təqdim edib və onlarla xatirə şəkli çəkdirib.

Alqışlarla müşaiyət edilən foto mərasiminin sonunda Antoni Blinken Rüfət Səfərova ayrılmış boş oturacağa yaxınlaşıb və onun mükafatı ilə bərabər xatirə şəkli çəkdirib.

Rüfət Səfərov mükafatın təqdimatına bir neçə gün qalmış, dekabrın 3-də Azərbaycanda həbs edilib. Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

“Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir. İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən ABŞ-ın Azərbaycandakı səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm”, Rüfət Səfərovun sosial media hesabında bildirilir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. O, 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

2020-ci ilin iyulunda bir qrup hüquq müdafiəçisi tərəfindən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı təsis edilib. Səfərov bu təşkilatın icraçı direktorudur və ölkədə insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı tənqidi hesabatların müəllifidir.

 

AmerikanınSəsi