Bu gün mərhum jurnalistin ad günüdür - Fotolar

Bu gün (16 avqust) mərhum Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, jurnalist Rasim Əliyevin doğum günüdür. 16 avqust 1984-cü ildə doğulan Rasim yaşasaydı bu gün 34 yaşını qeyd edəcəkdi…
Qeyd edək ki, jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunublar. 1 aprel 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılovun 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılaraq 31 may 2016-cı il tarixdə barəsində 4 il azadlıqdan məhrumetmə hokum çıxarılıb. 12 oktyabr 2016-cı ildə Bakı apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.