Sentyabrın 8-də Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) bir ay öncə anlaşılmaz şəraitdə vəfat edən Firəngiz Hüseynovanın məzarı önündə həmrəylik toplantısını keçirib.
Toplantıda çıxış edən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Firəngiz Hüseynovanın xəstəxanada olduğu günlərdə Mehman Hüseynovun anasının yanına buraxılmamasını Azərbyacan hakimiyyətinin qəddarlığı kimi qiymətləndirdi:
“Mehman və Emin Hüeynovlar analarının ölümündə birbaşa həkimlərin rolunun olduğunu bəyan edirlər. Bu vaxta qədər Firəngiz xanımın ölümü ilə bağlı hansısa rəsmi sənəd təqdim olunmayıb: o mənada ki, səbəbləri nədəndir, nədən vəfat etdi – bunlar deyilmir. Bu da əlbəttə ki, çox böyük şübhələr yaradır. Əslində burada da hakimiyyət özünü kifayət qədər qəddar aparır və əsas verir ki, o öz ölümü ilə ölməyib. Bizim tibb sistemimiz elə bərbad vəziyyətdədir ki, burada normal sağlamlığı olan insan da rəhmətə gedə bilər. Biz tələb edirik ki, ailəsinə onun rəhmətə getməyi ilə bağlı dəqiq nə baş veribsə, tam məlumat verilsin və bu cəmiyyətə, ictimaiyyətə çatdırılsın. Çünki bu ictimai maraq kəsb edən məsələdir. Əgər bunu etməyəcəklərsə, deməli bunun arxasında hakimiyyət dayanır”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı baş verənlərin əsas səbəbi kimi elementar təhsil sisteminin olmamasını bildirib:
“Təhsilə bu qədər qoyulan milyardlarla dolların müqabilində, ölkə səhiyyəsində bu qədər böyük tikilən binaların müqabilində onların içində Azərbaycan insanına xidmət göstərəcək heç bir konkret nə həkim yoxdur, nə diqqət yoxdur, nə ləvazimat yoxdur. Son günlər biz Gəncə icra hakimiyyətinin başçısının hadisəsini yaşadıq. Bu qədər pulu hara qoyubsunuz ki, sizə bir şillə də vuranda İsrailə aparırsınız? Bu yaxında məlum olmuşdu ki, baş nazirin müavininin dişini Almaniyada düzəltdirmək üçün 700 min avro silinib. Yəni bunların dişi ağrıyanda İsrailə, Almaniyaya gedirlərsə, bəs onda bu millətin özü nə etsin? Burada qəsd həm də baxımsızlıqdır. Emin və Mehman Hüeynovlar analarının ölümündən şübhəlidirlər. Belə bir fikir var idi ki, ölümün nədən baş verməsi ilə bağlı sənədlər alınandan sonra o sənədləri müstəqil həkim qrupu onu araşdıracaqdı və rəy veriləcəkdi. Yəqin ki, bunun qarşısını almaq üçün hələ rəy verilməyib. Məhkəməyə vermək mümkün deyil, çünki Emin burada deyil, Mehmanı da bildiyim qədərilə həbsxanada zərərçəkən kimi tanımaq istəmirlər”.
Qeyd edək ki, 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü 1958-ci ilin mayında Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində qəbul edilən qərara əsasən keçirilir. Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü çex jurnalisti Yuliuse Fuçikenin 8 sentyabr 1943-cü ildə hitlerçilər tərəfindən qətlə yetirilməsinin xatirəsinə təsis olunub.
"Bu vaxta qədər Firəngiz xanımın ölümü ilə bağlı ailəsinə hansısa rəsmi sənəd təqdim olunmayıb" - Fotolar
Oxşar xəbərlər