REAL Partiyasının sədri İlqar Məmmədov Vəkillər Kollegiyasına beynəlxalq sanksiyaların qoyulması ilə bağlı çağırış edib.
Onun sözlərinə görə, siyasi təqiblərə məruz qalmış şəxsləri müdafiə edən vəkillərin kollegiyadan qovulması qurumun iradəsindən asılı deyil: "Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvlərinə qarşı beynəlxalq sanksiyalar əsl yerinə düşərdi. Anlayıram ki, onların heç biri ixtiyar sahibi deyil. Siyasi təqibə məruz qalmış insanları müdafiə edən vəkillərin oradan qovulması, üstəgəl, ötən ilin dekabrında kollegiya üzvü olmayanlara mülki işlərə qatılmağın qadağan edilməsi onların öz şəxsi iradəsinə çətin ki uyğundur. Ancaq iş ondadır ki, Azərbaycanın beynəlxalq tərəfdaşları dövlət məmurlarına qarşı açıq tərzdə sanksiya qoymaqdan çəkinirlər(gizli sanksiyalar çoxdan var)".
"Vəkillər Kollegiyasının Rəyasət Heyəti isə insan haqlarının pozulmasında dövlət təmsilçilərinə ən təsirli yardın göstərən qeyri-dövlət qurumudur. Bu baxımdan onlara qarşı fərdi beynəlxalq sanksiyalar həm zəruridir, həm də qoyulması daha asandır, çünki formal baxımdan onlar dövləti təmsil etmirlər", - Məmmədov bildirib.
Sentyabrın 7-də Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyəti 4 vəkilin fəaliyyətini dayandırıb. Bu barədə Vəkillər Kollegiyasının yaydığı məlumatda deyilir.
Mənbənin məlumatına görə, ötən gün Rəyasət Heyəti 24 intizam icraatına başlayıb. Müzakirələrin yekunlarına əsasən peşə-etik normalarını pozduğuna görə 7 vəkilin barəsində inzibati tənbeh tətbiq edilib. İki vəkilə töhmət verilib. Bundan əlavə, 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Onlar müqavilə bağlamadan hüquqi yardım göstərdiklərinə, müdafiə hüququnu pozduqlarına və ədalətli məhkəməyə maneə yaratdıqlarına görə cəzalandırıblar.
Cəzalandırılan vəkillərin adları açıqlanmır.
Son 9 ayda Vəkillər Kollegiyası öz vətəndaş mövqeyi ilə tanınan vəkillər - Yalçın İmanov, İradə Cavadova, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərlərinin səlahiyyətlərini dayandırıb.
Bundan öncə tanınmış vəkillər Xalid Bağırov, Əlaif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları Kollegiyadan xaric ediliblər.
Vəkil Fuad Ağayevə töhmət verilib.
Vəkillərə qarşı ittihamlarla DİN, Ədliyyə Nazirliyi və Baş Prokurorluq orqanları çıxış ediblər.
"Vəkillər Kollegiyasına sanksiya tətbiq olunmalıdır" - İlqar Məmmədov
Oxşar xəbərlər