Azərbaycanın regionlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində bir sıra tədbirlər görülür.
Vəkillər Kollegiyasından (VK) Qaynarinfo-ya verilən məlumata görə, ötən aylar ərzində Bakı və Xırdalan şəhərlərində 4 yeni vəkil qurumu – Bakı şəhəri 18 saylı Vəkil Bürosu, "BHM və partnyorları” vəkil bürosu, "Ədalət” vəkil bürosu və Xırdalan şəhər Vəkil Bürosu fəaliyyətə başlayıb, eləcə də fəaliyyət göstərməkdə olan 13 vəkil qurumunun nizamnaməsinndə müvafiq dəyişikliklər edilərək "hüquq məsələhətxanası” adı "vəkil bürosu” adı ilə əvəz olunub.
Bu tədbirlərin davamı olaraq, Mingəçevir şəhəri və Ağcabədi rayonunda yeni vəkil qurumları fəaliyyətə başlayıb. Qeyd olunan vəkil qurumları artıq tam həcmdə və yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün həmin regionlarda yaşayan vətəndaşlarımızın xidmətinə verilib.
Xatırladaq ki, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vurğulanmış, Azərbaycan Respublikasının regionlarında vəkil qurumlarının fəaliyyətinin təmin olunması, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulub.
Vəkillik sahəsində islahatlar: 6 yeni qurum yaradıldı
Oxşar xəbərlər