Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan hökumətinə jurnalist Əfqan Muxtarlının işi ilə bağlı sorğu göndərib.
Gürcüstan mətbuatının verdiyi xəbərə əsasən, bu barədə onun vəkili Arçil Çopiklişvili deyib.
Onun sözlərinə görə, hökumətin cavab vermək üçün bir ay vaxtı var.
Gürcüstan Ədliyyə Nazirliyi iyulun 30-a qədər məhkəmənin səkkiz suallarına cavab verməlidir.
"Suallar azərbaycanlı jurnalistin qaçırılması faktının olması, onun azadlıq və ifadə azadlığının pozulması, hüquqi vasitələrdən istifadə azadlığının pozulması və faktiki olaraq ölkədən çıxmasına məcbur edilməsi ilə bağlıdır”.
Vəkilin sözlərinə görə, cavabdeh həm Gürcüstan, həm də Azərbaycan hökumətidir.
O, bildirib ki, Azərbaycan hökumətinə altı sual göndərilib.
"Bundan sonra zərərçəkən tərəf hökumətlərin cavabları ilə bağlı yazılı formada öz şərhlərini verə bilər. Çox yaxşı haldır ki, bu iş Avropa Məhkəməsində prioritet sayılır. Ümid edirik ki, Avropa Parlamentinin mexanizmi azərbaycanlı jurnalistin hüquqlarının bərpası üçün vasitə olacaq”.
Vəkil Arçil Çopikaşvili, həmkarı Nikoloz Leqaşvili ilə birlikdə 2019-cu il mayın 29-da Avropa Məhkəməsində Əfqan Muxtarlı və onun həyat yoldaşı Leyla Mustafayevanı müdafiə edəcək.
Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı ötən ilin mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutur.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.
toplum.tv
Avropa Məhkəməsi hər iki ölkəyə Əfqan Muxtarlı ilə bağlı suallar göndərib
Oxşar xəbərlər