Demokratik Təşəbbüslər İnstitutunun araşdırma qrupu Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan mülkiyyət hüququnun pozulması ilə bağlı verilən şikayətlər əsasında 2010, 2012 və 2013-cü illərdə çıxardığı qərarlara, onların icrasına aid hesabat hazırlayıb.
Demokratik Təşəbbüslər İnstitutu qeyri-hökumət təşkilatıdır. Qurumu 2013-cü ilin noyabrında bir qrup hüquqşünas və ictimai fəal yaradıb. İnstituta keçmiş MSK üzvü Akif Qurbanov rəhbərlik edir.
İnstitutun araşdırma qrupunun hesabatı Avropa Məhkəməsinin çıxardığı qərarlarla bağlı azərbaycanlı vəkillərdən və şikayətçilərdən alınmış məlumatlara əsaslanır.
"Amerikanın səsi” xəbər verir ki, hesabatda mülkiyyət hüququ və Avropa Məhkəməsinin qərarlarının Azərbaycan qanunvericilik sistemində yeri ilə bağlı hüquqi şərait, Avropa Məhkəməsinin qərarlarının hüquqi təbiəti, onun icrasının hüquqi əsasları və daxili icra mexanizmləri ilə bağlı hüquqi sərhədlərə toxunulur.
Avropa Məhkəməsinin Azərbaycanla bağlı 37 qərarının araşdırılması nəticəsində məlum olub ki, Azərbaycan hökuməti 33 qərarda göstərilən kompensasiyaları şikayətçilərə ödəyib. Həmin kompensasiyaların ümumi həcmi 354 min 229 avro olub. Lakin Azərbaycan hökuməti Avropa Məhkəməsinin yerli məhkəmələrin hökmlərinin icra edilməsi haqda çıxardığı 29 qərarı hələ də yerinə yetirməyib.
Hesabatda deyilir ki, təkcə qərarların icrası ilə bağlı yox, qərarların icrası mexanizmində də boşluqlar var: "Avropa Məhkəməsinin qərarları üzrə konkret olaraq məsul bir dövlət qurumu yoxdur. Əslində belə bir qurumun bizim ölkədə də yaradılmasına zərurət var və həmin qurumun fəaliyyəti ərizəçilər, onların nümayəndələri, bütünlükdə cəmiyyət üçün açıq olmalıdır”.
Demokratik Təşəbbüslər İnstitutu bəyan edir ki, ölkədə mülkiyyət hüququ ilə bağlı problemlər aradan qaldırılmalı və Avropa Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı qərarları vaxtında, dəqiq icra olunmalıdır.
Avropa məhkəməsinin 33 qərarına görə dövlət 354 min avrodan çox təzminat ödəyib
Oxşar xəbərlər