Azərbaycan hökuməti Avropa Məhkəməsinin çıxardığı qərarlarda kompensasiyanın, xüsusən şikayətçiyə vəkil xərclərinə görə ödəniləcək təzminatın az olması üçün Vəkillər Kollegiyası rəhbərliyinin köməyindən istifadə edir.
Bu barədə "Meydan.Tv" məlumat verib.
Son yarım ildə Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun məktubunu əsas göstərir. Hər hansı şikayətlə bağlı kommunikasiya mərhələsində Avropa Məhkəməsilə yazışmalarda da həmin məktubdan arqument kimi istifadə edərək, sübut etməyə çalışır ki, Azərbaycanla bağlı qərarlarda hüquqi xidmətlərə görə yuxarı məbləğlərdə kompensasiya tələb etmək doğru deyil.
Çingiz Əsgərovun müraciəti əsasında Anar Bağırov ona rəsmi şəkildə məktub göndərib. Məktubda 2016, 2017 və 2018-ci illər üzrə məhkəmələrdə vəkillərə ödənilən xidmət haqqının orta məbləği yazılıb. Vəkillər Kollegiyasının sədri iddia edir ki, birinci instansiya məhkəmələrində bir iş üçün vəkillərə ödənilən orta məbləğ 95 manatdır.
Kollegiya sədri apelyasiya instansiyası üçün bu rəqəmi 81 manat göstərib. A.Bağırovun yazdığına əsasən, Ali Məhkəmədə hüquqi müdafiəni həyata keçirən vəkillər orta hesabla cəmi 75 manata bir işə çıxırlar.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun isə hüquqi yardıma görə xidmət haqqının məbləğini məhdudlaşdırılmasını qadağan edir. Bu, qanununda birbaşa yazılıb.
"Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur”, - qanunun 19-cu maddəsinin 3-cü bəndində göstərilib.
Vəkillər Kollegiyasının adının çəkilməsini istəməyən üzvlərindən biri Meydan TV-yə bildirib ki, A.Bağırovun göstərdiyi rəqəmlər reallığa uyğun deyil: "Düzdür, lap 50 manata da işə çıxan vəkil ola bilər. Hətta vətəndaşın durumuna görə onun hüquqlarının müdafiəsini pulsuz həyata keçirib, order və marka pulunu öz cibindən qoyan müdafiəçilər də var. Amma çoxluq belə deyil axı. Hətta 20-30 minə işə çıxan vəkillər var. Heç bir halda, orta rəqəm 75-95 manat ola bilməz. Ən əsası, kimsə vəkil üçün qiymət müəyyənləşdirə bilməz. Bu, onunla müştəri arasında olan məsələdir. Vəkil istəsə, 50 manata çıxar, istəsə 50 minə. Qanun da bunu deyir”.
Məsələyə Anar Bağırovun münasibətini öyrənmək mümkün olmayıb.
Azərbaycan Avropa Məhkəməsinə ödədiyi təzminatlarda vəkil xərclərini azaltmağa çalışır
Oxşar xəbərlər