Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs həbs edildi

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi “Azərtransservis” ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.