3 aydır xidmət xidmət edən DSX əsgərinin xəstəlikdən vəfat etdiyi deyilir

Dövlət Sərhəd Xidmətinin (DSX) cənub sərhədində yerləşən hərbi hissələrindən birində xidmət edən, 2008-ci il təvəllüdlü Fəqan Samir oğlu Ağayevin vəfat etdiyi deyilir.

“Meydan TV”-nin əsgərin yaxınlarına istinadən verdiyi məlumata görə, Neftçala rayon sakini olan 18 yaşlı hərbçiyə “sürətlə yayılan meningit” diaqnozu qoyulub.

Səhhəti kəskin pisləşən F.Ağayevin üç gün koma vəziyyətində qaldıqdan sonra yerləşdirildiyi xəstəxanada vəfat etdiyi deyilir. Cəmi üç ay əvvəl həqiqi hərbi xidmətə çağırıldığı bildirilən əsgərin avqustun 24-də dəfn olunduğu bildirilir.

Dövlət Sərhəd Xidməti Fəqan Ağayevin ölümü və ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun avqustun 17-də yaydığı məlumata görə, 2026-cı ilin geridə qalan dövründə Azərbaycanda azı 38 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.

Onlardan 12-si müxtəlif xəstəliklərdən, 7-si avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, biri isə ehtiyatsızlıqdan vəfat edib. 6 nəfərin ölüm səbəbləri isə açıqlanmayıb.

Müqayisə üçün, Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda qeyri-döyüş itkilərinin sayı 2024-cü ildə azı 51, 2025-ci ildə isə 43 nəfər təşkil etmişdi.