Məhbus Alim Yusifov aylardır ailəsi ilə görüntülü danışıq hüququndan məhrum edilib

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun ailəsi onun aylardır ailə üzvləri və övladları ilə görüntülü danışıq imkanından məhrum edildiyini bildirir.

Ailənin sözlərinə görə, Şəmkirdən Bakıya mütəmadi səfər etmək imkanları olmadığından, heç olmasa görüntülü danışıq vasitəsilə uşaqların atalarını görməsini istəyirlər. Lakin ailə iddia edir ki, müəssisə rəhbərliyi Alim Yusifova bu imkanı vermir.

Dindarların kütləvi həbsləri dövründə həbs edilən Alim Yusifovun ailəsi baş verənləri onun hüquqlarına qarşı növbəti məhdudiyyət kimi qiymətləndirir.

Məhbusu aylarla övladlarının üzünü görmək imkanından məhrum etmək təkcə məhbusa deyil, onun azyaşlı uşaqlarına qarşı da mənəvi təzyiqdir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyindən bu məhdudiyyətin hüquqi əsaslarının açıqlanması və Alim Yusifovun ailəsi ilə əlaqə imkanının təmin edilməsi tələb olunur.