AİHM Azərbaycanda uzunmüddətli ölkədən çıxış qadağasını hüquq pozuntusu sayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan çıxışına qadağa qoyulmuş üç şəxsin hüquqlarının pozulduğunu müəyyən edib.

Bu barədə avqustun 25-də vəkil Fariz Namazlı məlumat yayıb.

AİHM-ə ərizə ilə müraciət etmiş şəxslər Əli Əlişov, Adil Hüseynov və Bəhman Abbasov olub. Onlar müxtəlif dövrlərdə fərqli cinayət işləri üzrə məsuliyyətə cəlb olunublar. Əvvəlcə barələrində həbs qətimkan tədbiri seçilib, sonradan polis nəzarətinə veriliblər. Bununla bağlı ərizəçilərin ölkədən çıxışlarına qadağa qoyulub.

2015-ci ildən etibarən həmin cinayət işləri üzrə hər hansı istintaq hərəkətləri aparılmayıb, lakin ərizəçilərin ölkədən çıxışına məhdudiyyət də aradan qaldırılmayıb.

Məhkəmə cinayət icraatının müddətini həddindən artıq hesab edərək Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin – işə ağlabatan müddətdə baxılması hüququnun pozulduğunu müəyyən edib.

Məhkəmə ərizəçilərin ölkədən çıxışına məhdudiyyətin tətbiqi ilə bağlı isə qeyd edib ki, cinayət işi çərçivəsində şəxsin xaricə getməsinin məhdudlaşdırılması prinsipcə qanuni məqsəd daşıya bilər, lakin belə məhdudiyyət avtomatik və qeyri-müəyyən müddətə tətbiq edilə bilməz.

Məhkəmənin qərarında göstərilir ki, məhdudiyyətin uzun illər qüvvədə saxlanılması əsaslandırılmalıdır, hazırkı işdə isə belə əsaslandırmanın olmadığı qənaətinə gəlib.

AİHM hesab edib ki, bu qədər uzun müddət davam edən məhdudiyyət "qeyri-mütənasibdir və dövlətin ümumi maraqları ilə şəxslərin hərəkət azadlığı arasında ədalətli tarazlıq təmin edilməyib".

Nəticədə məhkəmə həmçinin 4 saylı protokolun 2-ci maddəsinin – hərəkət azadlığı və ölkəni tərk etmək hüququnun pozulduğunu da müəyyən edib.