Moskva İrəvanı KTMT-dən kənarda qoydu: Ermənistanla hərbi əməkdaşlıq dayandırıldı

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti üzrə hərbi və hərbi-texniki əməkdaşlığın hazırda həyata keçirilmədiyini açıqlayıb.

Rusiya XİN-in MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Ağasandyan Ermənistanla KTMT çərçivəsində hərbi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətin dayandırıldığını bildirib.

O, bunu KTMT xətti ilə hərbi-texniki tədarüklərdə Ermənistan üçün güzəştli şərtlərin tətbiq olunub-olunmaması ilə bağlı suala cavabında deyib.

“Hazırda KTMT xətti ilə Ermənistanla hərbi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyət həyata keçirilmir”, – deyə Ağasandyan qeyd edib.

Rusiya rəsmisi eyni zamanda vurğulayıb ki, Ermənistanla hərbi və digər müvafiq sahələrdə əməkdaşlıq tamamilə dayandırılmayıb və ikitərəfli əsasda davam etdirilir.

Açıqlama İrəvanın son dövrlərdə KTMT-dən uzaqlaşması və Avropa İttifaqı ilə əlaqələri genişləndirmək istiqamətində atdığı addımlar fonunda Moskva ilə münasibətlərdə yaranan dərin fikir ayrılıqlarını bir daha nümayiş etdirir.