Şri-Lankada partlayışlarda ölənlərin sayı artır

Şri Lanka polisi bazar günü pasxa bayramı tədbirləri zamanı törədilmiş partlayışlarda ölənlərin sayının 359-a çatdığını bildirir.
 
Polisin sözçüsü Ruwan Gunasekara aprelin 24-də deyib ki, daha 18 şübhəli saxlanıb və bununla da saxlananların sayı 58 olub.
 
İslam Dövləti (İŞİD) ekstremist qruplaşması partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
 
Aprelin 21-də doqquz yerdə törədilmiş partlayışlarda azı 500 nəfər yaralanıb.
 
Hökumətin sözçüsü Rajitha Senaratne National Thowheeth Jama'ath (NTJ) adlı yerli islamçı qrupun partlayışların arxasında durduğuna inandıqlarını deyib. Onun sözlərinə görə, polisin üç kilsəyə mümkün intiharçı hücumu haqda öncədən məlumatı olub, ancaq vaxtında tədbir görə bilməyib.
 
"Reuters” üç mənbəyə istinadla yazıb ki, Hindistan bir neçə saat öncə Şri Lankanın kəşfiyyat rəsmilərinə islamçıların gözlənən hücumlarıyla bağlı xəbərdarlıq edibmiş.
 
Şri Lanka Prezidenti Maithripala Sirisena isə bildirib ki, xəbərdarlıq olunubsa belə, onunla paylaşılmayıb.
 
Polis ölənlər içində 35 əcnəbinin olduğunu deyir.
 
 
Azadliq.org