Azərbaycanda doğum sayı son 10 ildə 42 faiz azalıb

Azərbaycanda illik doğum sayı son 10 ildə 70 mindən çox azalaraq 100 min nəfərin altına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2015-ci ildə ölkədə 166 min 210 uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 95 min 875 nəfər olub. Beləliklə, 10 il ərzində doğulanların sayı 70 min 335 nəfər və ya 42,3 faiz azalıb.

Rəsmi statistika göstərir ki, 2010–2015-ci illərdə Azərbaycanda hər il 160–176 min uşaq doğulurdusa, sonrakı illərdə göstərici əsasən azalan xətt üzrə hərəkət edib. 2015-ci ildə hər 1000 nəfərə 17,4 doğum düşürdüsə, 2025-ci ildə bu göstərici 9,4-ə enib.

Azalma 2026-cı ildə də davam edir. Bu ilin ilk yarısında ölkədə 40 min 798 uşaq doğulub. Ötən ilin eyni dövründə bu rəqəm 45 min 616 nəfər idi.

Müstəqil ekspertlər doğumun azalmasını tək bir səbəblə izah etmirlər. Onların fikrincə, yaşayış xərclərinin və mənzil qiymətlərinin artması, əmək bazarındakı qeyri-müəyyənlik, uşaq böyütmə xərcləri və insanların daha gec ailə qurması əsas amillər sırasındadır.

Bəzi ekspertlər isə qadınların əmək bazarında iştirakının artması fonunda uşağa qulluq imkanlarının və ailədaxili əmək bölgüsünün eyni sürətlə dəyişməməsinin iş və ailə həyatını uzlaşdırmağı çətinləşdirdiyini düşünür. Onların fikrincə, bu da doğumların təxirə salınmasına təsir edə bilər.

Rəsmilər isə problemin sosial-iqtisadi amillərlə yanaşı, ailə qurmaq və uşaq sahibi olmaqla bağlı davranışların dəyişməsi ilə əlaqəli olduğunu deyirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova doğum səviyyəsindəki enişi insanların düşüncə tərzindəki dəyişikliklə də əlaqələndirib, lakin vəziyyətin hələ “kritik həddə” çatmadığını bildirib.