İnsan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı davam edir

Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Bugünkü məhkəmə prosesinin əvvəlində Hacıyev diqqəti onun ictimai müdafiəsini təşkil edən fəal Rail Abbasovun cinayət təqibinə yönəldib.

Ötən həftə prokuror Abbasovun dələduzluq yoluyla 200 min manatı mənimsəmə ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bəxtiyar Hacıyev Abbasova qarşı cinayət işinin saxtalaşdırılmasına baxmayaraq, məhkəmədən özünün həbs edilmiş əmlakının guya Abbasovun mənimsədiyi məbləği ödəmək üçün yönəldilməsini xahiş edib.

Həmçinin Hacıyev Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 193-1-ci (qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması) maddələri üzrə ittihamların cinayət tərkibi olmadığı üçün onun üzərindən götürülməsini məhkəmədən xahiş edib.

Hacıyev ona qarşı irəli sürülən "məhkəməyə hörmətsizlik" ittihamı ilə bağlı buildirib ki, ittiham sübut olunmadığından zərəçəkmiş kimi tanınan şəxs təqsirləndirilən şəxs kimi (hadisəyə təşəbbüs göstərdiyinə görə) cəlb olunmalıdır.

Məhkəmə vəsatətləri təmin etməyib.

Növbəti məhkəmə ilcası dekabrın 28-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il iyunun 16-da hüquq müdafiəçisinə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Hacıyevin özü və həmkarları onun həbsini Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbər şəxslərini kəskin tənqid etdiyinə görə siyasi sifariş hesab edir.

Bəxtiyar Hacıyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti, Amnesty İnternational, həmçinin ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır,” Antoni Blinkenin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyir və rədd edir".

 

AmerikanınSəsi