Dekabrın 23-də ABŞ-nin Azərbaycandakı Səfirliyi növbəti dəfə hökumət mediasının ittihamlarına cavab verib.
Səfirlik rəsmi "Facebook" hesabında bununla bağlı mövqe paylaşıb.
"Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın “ən məşhur”ları AZTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcəkdir", - mətndə qeyd olunub.
Bundan əvvəl də dekabrın 19-da ABŞ-nin Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətinin və hökumətə bağlı media quruluşlarının ittihamlarına cavab verib.
Səfirlik yaydığı məlumatda qeyd edib ki, hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər.
"2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqqerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq "namərdlik" sayılır? Yoxsa əsl "namərdlik" Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? "Media Savadlılığı Həftəsi" keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir".
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 331 siyasi məhbus var. ABŞ də daxil olmaqla əksər Qərb ölkələri və təşkilatları hökumətdən repressiyaları dayandırmağı tələb edir. Bunun paralelində Azərbaycan prezidenti, dövlət rəsmiləri və hökumət mediası Qərb ölkələrini müxtəlif ittihamlara məruz qoyur.
AbzasMedia
Bu cəhdlər 300-dən çox siyasi məhbusun bayramı həbsdə keçirmələrindən yayındıra bilməyəcək