Bir pillə irəli gələrək siz bu xüsusda peyğəmbərlərdən sonra günümüzə qədər davam edən İmamət səhifəsini də eyni özəlliklə vərəqləyə bilərsiniz. Bir ömür mükəmməl və hər sahədə nümunəvi həyat hekayəsi yaşayan İmam və Peyğəmbərlər zənciri təkcə öz sırası deyil, birincidən sonuncuya qədər hamılıqda bir xətt üzərində durduğu və aralarında heç bir ziddiyyətin olmadığı bir həyat yaşadığına şahidlik edə bilərik.
Adəm Peyğəmbərdən (ə) Muhəmməd peyğəmbərə (s) qədər olan bu sistem hamısı fərqli mühitdə eynilik zəncirində haqqa uzanan bir zəncirin halqası kimidirlər. Birinin digərindən nümunəvi həyat hekayəsində nə digəri ilə ziddiyyəti, nə də fərqli mövqeyini müşayət etmək olmaz. Onların sonrakı missiyasını üzərinə götürən İmamətin həyat hekayəsi də fərqli rakursda eyni xəttin, tamlığın nümayişi olaraq, ən bariz nümunədir.
Bu, təkcə onların nümunə olması ilə yekunlaşmır. Eyni halda eybəcərliklərin ifşasına yönəlik mükəmməl həyat hekayəsi yazan bu şəxslərə qarşı əks cəbhənin bütün qüvvəsi ilə mübarizəyə qalxması onların nə qədər mükəmməl nümunə olmasını bir daha səciyyələndirən xüsusiyyətdir.
İmamların varlığını tamını özündə nümayiş etdirən İmam Hüseynin (ə) həyat hekayəsi bütün nümunələrin cəmi və həqiqətlərin özüdür. O, insanın varlığına ehtiyac duyduğu bütün nümunəvi özəllikləri çılpaqlığı ilə nümayiş etdirməklə bəşəri eybəcərlikləri yaradan xəbislərlə mübarizə və mücadilədədir. Hüseyn (ə) həqiqət əsəri, yaşam konsepsiyasının nəzəri və əməli təcəllasıdır.
Heç təsadüfi deyildir ki, bu gün adı, simvolları, yaşam tərzinin göstərilməsi, bir sözlə nümunəvi varlığının təqdimatı, hətta haqqında söhbətlər belə qəti surətdə qadağan edilən İmam Hüseyn (ə) nəzəriyyənin həyata keçirilməsi ilə əməli insanlığın şah əsəri olmaqla bütün batil cəbhələrin hədəfindədir. O, yaxşı və dəyər nümayiş etdirən bütün gözəlliklərin təkcə əməli nümunəsi deyil, eyni halda bütün bunların, zirvələrin fəthi yollarını da aydın və rəvan izah edir. İmam Hüseyn yaxşı olmağı tanıtmaqla məhdud bir çevrə nümayiş etdirmir, əksinə, yaxşılığın insanın dünya həyatında rolu, ona bəxş edilən özəllikləri öz yaşamında ortaya qoyur.
Hüseynin (ə) nümunəvi fikirləri insan məfhumunun fəth edə biləcəyi zirvələrin ən alisində duruşu “Hüseyn məndən və mən də Hüseyndənəm” söyləyən İslam Peyğəmbərinin möhür qoyduğu aliliyin isbatıdır. Yalançı nümunələr, zamanla keyfiyyətdən düşəcək və yeni nümunə axtarışı, bəzən bir sahədə məhdud nümunələrdən fərqli olaraq, onun təqdimatı zamanlar və məkanların fövqündədir. Hüseynin nümunə olaraq təqdimatı tam və mükəmməldir. Eyni halda o, bunun qazanma yolları, nümunənin öyrənilməsi üçün də çox doğma və sevgi dolu bir əməli, praktiki əsasını insanlığa göstərərək bəşəri bu nümunəyə dəvət edir.
Düzgün, doğru nümunə yalançı, keçici nümunə təqdimatlarının ifşası, dəyərli bir ömrün qarantıdır. Düzgün nümunə seçimi ilə insan vüqarlı, alnı açıq, üzü ağ bir ömür yaşadığı halda axirətin də parlaq simaları sırasında əbədi mükafatlar əldə edə biləcək. Bunun üçün tək yol düzgün nümunənin seçilməsidir.
Müsəlman Birliyi Hərəkatı Təhlil Mərkəzi
Nümunə. 7-ci, sonuncu hissə.