Mirtofiq Hüseynovla yaranan problem həllini tapıb (yenilənib)

2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbus Mirtofiq Hüseynovla bağlı yaranmış anlaşılmazlıq aradan qaldırılıb.

Bu barədə siyasi məhbusun ailəsi bildirib:
"Mirtofiqin evə zəngində problem yaranmışdı. Çox narahat olduq. Qardaşı həbsxanaya baş çəkdi. Müəssisə rəhbəri Vüsal Aslanov Mirtofiq Hüseynovla və qardaşı ilə görüşüb, narahatçılıq aradan qaldırılıb. Məlum olub ki, müəssisənin telefon xəttində yaranmış problem nəticəsində məhbusların telefon bağlantısında yubanmalar yaranıb. Hazırda problem aradan qaldırılıb. Hər şey qaydasındadır."
 

****************************************************************

Dekabrın 9-da sonuncu dəfə ailəsi ilə telefon əlaqəsi quran Mirtofiq Hüseynovun durumundan ailəsi narahatdır. Gündə bir neçə dəfə cəza çəkdiyi 2 saylı müəsisə ilə əlaqə saxlayan Hüseynovlar ailəsinə həbsxana hər dəfə oğullarının zəng edəcəyi vədəsini versə də, zəngdən heç bir xəbər yoxdur. Artıq onun zənginin kəsilməsi müddəti 3 günü keçib.

Məsələ burasındadır ki, siyasi məhbus Mirtofiqin anası ağır onkoloji xəstədir və vəziyyəti olduqca kritikdir. Aylardır xəstəlik səbəbindən oğlunun həbsxana ziyarətinə gedə bilməyən ananın tək təsəllisi telefon zəngləridir. Şərlənərək həbsə salınan oğlu ilə həmsöbət olan xərçəng xəstəsi ana, az da olsa bununla təskinlik tapa bilir.

Ailəsi ilə əlaqələrin kəsilməsi, hər dəfə zəng edəcəyi haqqında həbsxananın verdiyi yalan vədlər ailənin hər bir fərdində ciddi narahatlıq yaradıb. Onlar əlaqədar təşkilatlardan məsələni diqqətdə saxlamağı, qəfil kəsilən telefon əlaqələrinin səbəbini aydınlaşdırılmasını istəyir.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Huseynov Azərbaycanda kütləvi həbslərin həyata keçirildiyi ortamda 2022-ci il dekabrın 4-də saxlanılıb və barəsində saxta narkotik ittihamı irəli sürülüb. 2023-cü il dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mirtofiq Hüseynovu qeyd edilən maddə ilə müqəssir bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.